Bu sözləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısının Yevlax və Goranboy rayonlarına, Mingəçevir şəhərinə səfəri bu siyasətin növbəti real təzahürüdür: “Yevlax şəhərində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən Prezident, daha sonra Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə tanış oldu. Bu yol təkcə region üçün deyil, bütün ölkə üçün strateji nəqliyyat arteriyası hesab olunur. Yolun müasirləşdirilməsi logistika imkanlarının genişləndirilməsinə, tranzit potensialının daha da artırılmasına imkan verəcək. Bunun ardınca Yevlax Pilot Aqroparkının, SCADA İdarəetmə Mərkəzinin, yeni sutəmizləyici qurğunun, Yevlax Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi regionda kənd təsərrüfatı, kommunal xidmətlər, idman və sosial sahələrin müasirləşməsini təmin edir. Goranboy rayonunda isə Prezident İlham Əliyev “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı zavodunun açılışında iştirak etdi. Bu müəssisə region üçün sənaye baxımından yeni bir nəfəs, əhali üçün isə əlavə məşğulluq imkanı deməkdir. Dövlətimizin başçısının iyunun 24-də isə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak və çıxış edib. Hesab edirəm ki, bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, enerji sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə də ciddi töhfə verəcək”.
Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, ölkənin bütün bölgələrində də inkişaf prosesləri paralel şəkildə həyata keçirilir: “Bu yanaşma Prezident İlham Əliyevin ədalətli və sistemli idarəçilik modelinin təzahürüdür. Prezidentin Yevlax və Goranboy rayonlarına və Mingəçevir şəhərinə səfəri bir daha təsdiq edir ki, Azərbaycan hökuməti yalnız işğaldan azad edilmiş ərazilərin deyil, ölkənin bütün bölgələrinin inkişafını prioritet hesab edir. Ölkə başçımız da dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr digər regionların inkişafı ilə paralel və balanslı şəkildə aparılır. Bu məqsədlə Azərbaycanımızın hər yerində müasir infrastruktur yaradılır, kənd təsərrüfatı və sənaye sahələrinə investisiyalar yatırılır, yeni iş yerləri açılır. Bütün bunlar ölkəmizdə sosial-iqtisadi sabitliyə və vətəndaşımızın rifahının yüksəlməsinə şərait yaradır”.