Azərbaycan Respublikasında hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi dövlət səviyyəsində qeyd olunur. Şanlı tariximizin mühüm səhifələrindən birini təşkil edən bu əlamətdar gün Milli Ordumuzun gücünü, qətiyyətini və milli ruhunu təcəssüm etdirir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, qarşıda duran problemlər arasında ən mühüm məsələlərdən biri güclü, peşəkar və nizami ordunun olmaması idi. Ermənilərin hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, ölkənin ərazi bütövlüyü pozulmuşdu. Bu faktorlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmişdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu sahədə əsaslı dönüş yaratdı. Ümummilli Lider sabitliyi təmin etməklə yanaşı, ordu quruculuğunu da milli təhlükəsizlik siyasətinin prioritet istiqamətinə çevirdi.
Dahi Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixi rəsmi şəkildə Silahlı Qüvvələr Günü kimi təsis edilmişdir. Bu addım sadəcə tarixi hadisənin qeyd olunması deyil, həm də dövlətin öz ordusuna olan etimadı və hərb sahəsinin milli ideologiyada önəminin ifadəsi idi. Heydər Əliyevin müvafiq fərmanları ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiya yaradılmış, 2001-ci il avqustun 20-də isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Ulu Öndər bu islahatlarla Azərbaycanın müstəqil hərbi potensiala malik ölkə kimi formalaşmasının təməlini atmışdır.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri mühüm güc mərkəzinə çevrildi. Onun reallaşdırdığı hərbi islahatlar nəticəsində ordu texniki və taktiki baxımdan ciddi şəkildə yeniləndi. Kadr islahatları nəticəsində ordu daxilində peşəkarlıq səviyyəsi yüksəldi.
Prezident İlham Əliyevin göstərdiyi ali diqqət və ardıcıl islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində regionun ən qüdrətli ordusuna çevrilmişdir. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” analitik mərkəzinin illik hesabatında Azərbaycan Ordusu Cənubi Qafqazda birinci yerə çıxaraq, dünyada 50 ən güclü ordu sırasına daxil edilmişdir. Bu reytinq ölkəmizin hərbi potensialının beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.
Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi məqsədilə mühüm hüquqi və institusional addımlar da atılmışdır. 2017-ci il 29 dekabr tarixində qəbul olunmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun Silahlı Qüvvələrin təyinatını, idarə olunmasını, hərbi quruculuq prinsiplərini və fəaliyyətinin hüquqi əsaslarını əhatə edir. Bu sənəd, eyni zamanda ordu strukturunun və funksional fəaliyyətinin dövlət strategiyasına uyğun şəkildə inkişaf etdirilməsinə zəmin yaratmışdır.
Bütün bunlarla yanaşı, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması da Prezident İlham Əliyevin strateji baxışının mühüm nəticələrindən biridir. Hazırda Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsullar dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş etdirilərək ölkəmizin hərbi sənaye imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Bu imkanlar sayəsində Azərbaycan Ordusu özünü zəruri silah, sursat və hərbi texnika ilə təmin etmək gücündədir ki, bu da ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun illər boyu keçdiyi inkişaf yolunun real nəticəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı azad etdi. 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndin döyüş meydanında azad olunması, Şuşanın strateji əməliyyatla geri qaytarılması, Ermənistanın kapitulyasiya etməsi ölkəmizin tarixinə parlaq Zəfər kimi yazıldı. Azərbaycan xalqı bu müharibədə xalq-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suveren hüquqlarının tam bərpasına yönəlmiş mühüm addım oldu. Cəmi 23 saat 43 dəqiqə ərzində Ermənistanın qanunsuz silahlı birləşmələri zərərsizləşdirildi və separatçılıq fəaliyyətlərinə son qoyuldu. Bu əməliyyat Azərbaycanın milli təhlükəsizlik strategiyasının effektivliyini, Silahlı Qüvvələrin çevik və yüksək dəqiqliklə işləyə bilən hərbi sistemə malik olduğunu göstərdi.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də 15 yeni medal Böyük Qələbənin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Bu təltiflər təkcə müharibə iştirakçılarının xidmətlərinə verilən qiymət deyil, həm də gənc nəslə vətənpərvərlik nümunəsi olaraq təqdim edilir. Bununla yanaşı, İşğal və Zəfər muzeyləri, abidələr və memorial komplekslər xalqın yaddaşında bu Zəfəri daim yaşadacaq.
Azərbaycan dövləti ordu quruculuğunda gələcəyin tələblərinə cavab verən islahatları həyata keçirir. Komando qüvvələrinin yaradılması, texnologiyaya əsaslanan idarəetmə sistemlərinin tətbiqi, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması bu strategiyanın əsas elementlərindəndir. Yeni nəsil zabit və əsgərlərin hazırlanması, süni intellektə və hərbi elmin inkişafına yönəlmiş proqramlar Azərbaycanın müasir və çevik ordu modelinə keçidini təmin edir.
Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə ölkənin müdafiəsini təmin edən bir struktur deyil, həm də xalqın milli birliyi, dövlətin siyasi iradəsi və tarixi Zəfərin daşıyıcısıdır. Xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmuş qəhrəman oğulları ilə hər zaman fəxr edir, döyüş ruhunu yaşadır və gələcəyə inamla baxır. Güclü ordu güclü dövlət deməkdir, bu prinsip əsasında Silahlı Qüvvələrimiz daha böyük nailiyyətlərə doğru inamla irəliləyir.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı