24 iyun 2025 12:44
127

Son illərdə Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlib

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub. Bu, respublikamızın hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasına, maddi-texniki bazasının daha da müasirləşdirilməsinə, bütövlükdə ordu quruculuğunun daim inkişaf etdirilməsinə imkan verib.

Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 22 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. 

44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Doğrudur,  2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.

Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu.

Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 22 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.

Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib.

Qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi də son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə müasir ordu quruculuğu yüksək səviyyədə təmin edilib.

Beləliklə, Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Onun qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlib. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilib.

Anar Məmmədov,

Milli Məclisin deputatı