İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin iyun ayında növbəti səyyar qəbulları baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirlərdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbullar rayonun Bəhrəmtəpə qəsəbəsi, Yuxarı Qaralar, Ölcələr, Soltanmuradlı, Telişli, Allahmədətli və Qulubəyli kənd sakinləri ilə keçirilib.
İcra başçısı yerlərdə səyyar qəbulların keçirilməsinin vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunması ilə bağlı olduğunu qeyd edib.
Səmimi söhbət əsasında keçən görüşlərdə sakinlər onları narahat edən bir sıra məsələlərdən söz açıblar. Qaldırılan problemlərin bəziləri yerində həll olunub, digər müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib, məsələlərin həlli prosesi nəzarətə götürülüb.