24 iyun 2025 00:12
161

Azərbaycan Dəmir Yolları: Polad relslər üzərində texnoloji möcüzənin yeni ünvanı

Artıq birinci yarısını uğurla başa vurduğumuz 2025-ci il qalib, bütövləşən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada yeni reallıqlar yaradan müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında əlamətdar yubiley hadisələri ilə zəngin il kimi çağdaş tariximizə düşəcək. Cari il Azərbaycanda müstəqil dövlətimizin Konstitusiyasının ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilməsinin 10-cu, Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümləri, eyni zamanda milli mətbuatımızın yaranmasının 150 və Azərbaycan Dəmir Yollarının həyata vəsiqə almasının 145 illiyi əlamətdar yubileylər kimi qeyd edilir.

Göründüyü kimi, bu əlamətdar tarixi hadisələrin subyektlərindən ikisi, yəni, müstəqil dövlətimizin Konstitusiyası və 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən mübaribəsində Böyük Qələbəmiz, obrazlı şəkildə ifadə etməli olsaq, ilk yubiley sevincini yaşadıqları halda, 150-ci və 145-ci ildönumlərini qeyd edən digər iki subyektin - milli mətbuatımızın və Azərbaycan Dəmir Yollarının yaranma tarixi daha uzaq dövrə söykənir. Sonuncu iki yubileyin subyektlərini birləşdirən ümumi cəhət odur ki, onların hər ikisi Azərbaycanın müstəmləkə boyunduruğu altında inildədiyi vaxtlarda, yəni xalqımız çar Rusiyasının təbəəsi olduğu dövrdə həyata vəsiqə alıblar. Azərbaycanın çoxəsrlik tarixinə parlaq səhifələr yazmış milli mətbuatımızı və dəmiryol sistemimizi birləşdirən daha bir mühüm cəhət isə onların əvvəlcə çar Rusiyasının, sonralar “qırmızı imperiya”nın milli azlıqların hər bir intibah və inkişaf təşəbbüslərinin boğulması ilə müşayiət olunan sərt qadağalarına və ciddi nəzarətinə rəğmən ayaqda qalıb bugünkü tərəqqi səviyyəsinə gəlib çatmalarıdır. Yaranma tarixləri bir əsr yarıma söykənən yubileylərini qeyd etdiyimiz subyektlərin çoxillik fəaliyyətlərini araşdırarkən, şübhəsiz, bu mühüm nüanslar nəzərdən qaçırılmamalıdır. Bu baxımdan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Şurası ilə birlikdə milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində “Azərbaycan Dəmir Yolları” - 145 illik inkişaf yolu” mövzusunda media müsabiqəsi keçirməsi özündə tarixi keçmişimizə sonsuz hörmət və ehtiramı əks etdirməklə yanaşı, həm də nəsillərin estafeti baxımından  təqdirəlayiq addım kimi qiymətləndirilməlidir.

Bəli, yuxarıda vurğuladığımız kimi, 2025-ci ildə Azərbaycan Dəmir Yolları özünün 145 illiyini qeyd edir. Mübaliğəsiz demək olar ki, bu əlamətdar tarix təkcə sıradan bir nəqliyyat qurumunun deyil, bütövlükdə ölkənin sosial-iqtisadi inkişafının, sənaye və regional inteqrasiyasının şərəfli və qürur doğuran səhifələrlə zəngin tarixidir. 1880-ci ildə Bakı-Sabunçu xəttinin işə düşməsi ilə əsası qoyulan milli dəmir yolu sistemi o vaxtdan ötən 145 il ərzində dövrün tələblərinə uyğun sürətlə inkişaf edərək, eyni zamanda, tərəqqi yolu ilə irəliləyərək Azərbaycanı dünyada tanıdan və şöhrətləndirən neft sənayesinin inkişafına, regionların birləşməsinə, ölkəmizin xarici dövlətlərlə ticarət dövriyyəsinin genişlənməsinə əvəzsiz töhfələr verib. 145 il bundan əvvəl Azərbaycanın ilk dəmir yol xəttinin işə düşməsi zaman keçdikcə, xüsusilə dövlət müstəqilliyimizin bərpasından ötən 34 il ərzində fəaliyyətini təkcə daşınma vasitəsi funksiyasını yerinə yetirməklə məhdudlaşdırmayıb. Həmçinin modernizasiyanın, şəhərləşmənin və iqtisadi yüksəlişin lokomotivinə çevrilmək kimi hədəflərə yetişməyi bacarıb.

Məhz bütün bunlara əsaslanaraq inamla qeyd edə bilərik ki, bu gün 145 illik irsə sahib olan Azərbaycan Dəmir Yolları artıq sadəcə fiziki yük və sərnişin daşımaları ilə məşğul olan iqtisadi sistem funksiyasını aşaraq regional və hətta əminliklə demək olar ki, beynəlxalq gücə çevrilib. ADY son illərdə rəqəmsal transformasiya, beynəlxalq logistika dəhlizlərinə inteqrasiya, multimodal daşımaların inkişafı və müasir infrastruktur quruculuğu sahələrində mühüm nailiyyətlər əldə edib. Bu gün Azərbaycanın liderliyi ilə formalaşmaqda olan qlobal nəqliyyat layihəsinin - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizimin (Orta Dəhliz) əsas iştirakçısı kimi çıxış edən ADY, eyni zamanda, Azərbaycanın tranzit ölkə mövqeyini gücləndirir. Bu baxımdan mübaliğəsiz Azərbaycan dəmir yol sisteminin keçdiyi şanlı yolu bir tərəfdən tarixi uğurların xatırlanması, digər tərəfdən isə gələcəyə uzanan rəqəmsal və innovativ yol xəritəsinin təntənəli başlanğıcı kimi səciyyələndirmək olar.

Artıq hər kəsə məlum olan həqiqətdir ki, bu gün müasir dünyamızda nəqliyyat sektorunun inkişafı təkcə fiziki infrastrukturun genişləndirilməsi ilə ölçülmür. İndiki dövrdə nəqliyyat sistemlərinin səmərəliliyi onların informasiya texnologiyalarına nə dərəcədə inteqrasiya olunduğu ilə müəyyən edilir. Ənənəvi dəmir yolu sistemlərində idarəetmə, məlumat axını və əməliyyatlar daha çox əl ilə və vaxt aparan üsullarla yerinə yetirilərkən bir çox hallarda uzunmüddətli gecikmələr, məlumatların qeyri-dəqiqliyi və xidmət keyfiyyətində uyğunsuzluqlar müşahidə olunurdu. Rəqəmsallaşma isə bu çətinlikləri aradan qaldırmaqla yanaşı, sürətli qərarvermə, xərclərin azaldılması və istifadəçi təcrübəsinin yüksəldilməsi imkanlarını təqdim edir.

Azərbaycanın bu gün öz coğrafi mövqeyinə görə beynəlxalq yükdaşımalarda və regional tranzit marşrutlarında əsas aktora çevrilməsi, xüsusilə Xəzər dənizi, Orta Asiya, Qafqaz və Avropanı birləşdirən ticarət dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizin dəmir yolu sistemində rəqəmsallaşmanın tətbiqini nəinki zəruri edir, hətta əminliklə deyə bilərik ki, qarşısıalınmaz prosesə çevirir. Məhz bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqəmsallaşması təkcə daxili texnoloji yenilənmə deyil, həm də ölkənin beynəlxalq ticarət zəncirinə effektiv inteqrasiyası üçün əsas strateji zərurət kimi çıxış edir.

ADY-nin rəqəmsal transformasiyası çərçivəsində həyata keçirilən əsas maliyyə dəstək mənbələrindən biri Asiya İnkişaf Bankının (AİB) ayırdığı 47 milyon ABŞ dolları dəyərində kreditdir. Bu kredit vəsaiti qurumun informasiya idarəetmə sistemlərinin modernləşdirilməsinə, logistik əməliyyatların rəqəmsallaşdırılmasına, daşımaların real vaxtda izlənilməsinə və tarif siyasətinin daha şəffaf və hesabatlı sistemlə aparılmasına yönəldilib. Kredit həm də texniki avadanlıqların yenilənməsinə, müasir server infrastrukturunun qurulmasına, rəqəmsal məlumat bazalarının yaradılmasına və yeni texnoloji platformaların tətbiqinə sərf olunur. Bundan əlavə, layihə çərçivəsində AİB-in texniki müşavirə dəstəyi də təmin olunur ki, bu da yuxarıda sözügedən layihənin beynəlxalq standartlara uyğun şəkildə icrasına zəmin yaradır. Bir mühüm məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan hökumətinin bu layihəyə əlavə olaraq 13,52 milyon ABŞ dolları məbləğində vəsait ayırması dövlətimizin rəqəmsallaşma prosesinə davamlı dəstəyini açıq şəkildə nümayiş etdirir. Bu vəsait əsasən yerli infrastrukturun gücləndirilməsi, insan resurslarının hazırlanması, məlumat təhlükəsizliyinin artırılması və texnoloji həllərin lokallaşdırılması istiqamətində istifadə olunur.

Məlumdur ki, rəqəmsallaşma prosesində texnologiyanın tətbiqi qədər onun idarə edilməsini bacaran peşəkar kadrların hazırlanması da son dərəcə vacib amildir. Məhz bu məqsədlə AİB-in 500 min dollar məbləğində verdiyi qrant ADY-də “İT Akademiya” layihəsinin əsas maliyyə dayaq nöqtəsini təşkil edir. Bu proqram çərçivəsində əməkdaşlara informasiya texnologiyaları sahəsində müasir bilik və bacarıqlar öyrədilir. Tədris modulları proqramlaşdırma, məlumat analizi, kibertəhlükəsizlik, layihə menecmenti və texniki dəstək üzrə formalaşdırılıb. Qrantın bir hissəsi həm də xarici ölkələrdə keçirilən təlimlərə və gender bərabərliyi çərçivəsində mentorluq proqramlarına yönəldilib. Bu faktor ADY-nin rəqəmsal strategiyasının yalnız texniki deyil, həm də institusional transformasiyaya əsaslandığını göstərir.

Bir mühüm məqamı xüsusi qabartmalıyıq ki, rəqəmsallaşma prosesində ADY-nin daxili texnoloji modernləşməsi təkcə avadanlıqların yenilənməsi ilə bitmir. Təqdirəlayiq haldır ki, artıq şirkətdə genişmiqyaslı proseslərin optimallaşdırılması məqsədilə “Enterprise Service Bus” (ESB), MS Project və Jira kimi proqram təminatları işə salınıb. Bu sistemlər vasitəsilə layihələrin planlaşdırılması, həyata keçirilməsi və monitorinqi daha səmərəli şəkildə icra olunur. Əlavə olaraq, məlumatların cloud əsaslı bazalarda saxlanılması, daxili şəbəkələrdə təhlükəsizlik divarlarının qurulması və şifrələnmiş sənəd dövriyyəsinin tətbiqi ilə əməliyyat təhlükəsizliyi gücləndirilib. Şübhəsiz ki, bütün bu addımlar həm strateji planlaşdırma, həm də gündəlik əməliyyatlar baxımından şirkətin çevikliyini artırır.

Sərnişin təcrübəsinin artırılması məqsədilə yaradılmış “ADY Mobile” tətbiqi istifadəçilərə bilet alışı, marşrut planlaması, real vaxtda qatarların izlənməsi, stansiya məlumatlarının əldə olunması kimi bir çox funksiyaları təqdim edir. Bu mobil platforma 2024-cü il sonuna qədər 180.000-dən çox istifadəçi tərəfindən yüklənmiş və sərnişinlərin 70%-i biletlərini məhz bu tətbiq üzərindən əldə etmişdir. Tətbiqin NFC və QR texnologiyaları ilə təchiz olunması, eyni zamanda stansiyalarda pulsuz Wi-Fi təminatı sərnişin məmnuniyyətini daha da artırmışdır.

Bu gün ADY Smart yük daşımaları üçün hazırlanmış vahid idarəetmə platformasıdır, desək şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Məsələ burasındadır ki, bu sistem vasitəsilə yüklərin marşrutlanması, gömrük sənədlərinin elektronlaşdırılması, beynəlxalq daşımalarda istifadə olunan CIM və SMGS formalı sənədlərin elektron versiyası, habelə daşıma prosesinin real vaxtda izlənməsi mümkündür. Əvvəllər 4-5 saat çəkən prosedurlar bu platforma ilə artıq 20 dəqiqə ərzində həyata keçirilir. Bəs bütün bunlar “Azərbaycan Dəmir Yolları” QSC-yə nə kimi üstünlüklər qazandırır. Sualın cavabı sadə və aydındır. Bu rəqəmsallaşma tətbiqləri həm şirkət daxilində işin səmərəliliyini artırır, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərin daha çevik qurulmasına şərait yaradır.

Şübhəsiz, rəqəmsallaşma sahəsində ADY-nin uğurlarından bəhs edərkən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycanın regionda əsas tranzit qovşağına çevrilməsində mühüm rol oynamasından söhbət açmamaq olmaz. Faktlar və rəqəmlər sübut edir ki, BTQ-də rəqəmsal idarəetmə sistemlərinin tətbiqindən sonra daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb, prosedurlar avtomatlaşdırılıb və sərhəd keçidi prosesləri sadələşdirilib. Hazırda bu dəmiryol xəttində rəqəmsallaşma tədbirləri uğurla davam etdirilir.

Bir sözlə, görünən odur ki, artıq Azərbaycan Dəmir Yollarının rəqəmsal transformasiyası yalnız texnoloji yeniliklərin tətbiqi deyil, həm də idarəetmə, insan kapitalı və regional əməkdaşlıq baxımından köklü dəyişikliklərə səbəb olub. Yüksək səviyyəli investisiyalar, peşəkar təlimlər və müasir texnologiyalar vasitəsilə ADY regional tranzitdə liderliyini möhkəmləndirib. Bu transformasiya ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, geosiyasi mövqeyini də gücləndirir.

Əhməd Qurbanoğlu, “İki sahil”

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.