23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları və veteran dövlət qulluqçuları iştirak ediblər.
Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək dövlət idarəçiliyində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışıb. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə həmin gün ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi təsis edilib.
Qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlar təşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusu çalışır, onların 32,6 faizi qadınlardır.
Dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.
Tədbirin yekununda Baş prokurorun əmri ilə peşə bayramı münasibətilə fərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltif olunub və onlara hədiyyələr təqdim edilib.
İştirakçılar dövlət qulluğunun inkişafına, dövlət qulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksək qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini və səmimi minnətdarlıqlarını bildiriblər.