25 avqust 2026 20:58
101

Arif Əsədov: İdman üzrə də əməkdaşlığımız yüksək mərhələyə yüksəlib

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir.

 Bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

“İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar”, - deyə dövlətimizin başçısı əlavə edib.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bildiriblər ki, birgə layihələr və iki qardaş ölkənin davamlı inkişafı üçün yeni üfüqlər açmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə olmayıb. 

İki ölkə idman sahəsində də birgə tədbirlər həyata keçirir. Belə ki, gələn il Azərbaycan və Özbəkistan mühüm idman tədbirinə – 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatına (FIFA U-20 World Cup) ev sahibliyi edəcək. Mütəxəssislərin fikrincə, bu, əhəmiyyətinə və nüfuzuna görə dünyada ikinci turnirdir. Şübhəsiz, bu hadisə iki qardaş ölkənin nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək. Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarında da bu məsələyə toxunublar.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən gənclər arasında dünya və Avropa çempionu olmuş milli komandamızın sabiq baş məşqçisi Arif Əsədov bildirdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə təkcə siyasi, iqtisadi və mədəni əlaqələrlə məhdudlaşmır, bu, özünü idman sahəsində də göstərir: “Belə bir tədbirin dövlət başçılarının diqqət mərkəzində olması, şübhəsiz, təqdirəlayiqdir. Fikrimcə, dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin Azərbaycana və Özbəkistana həvalə olunması bu ölkələrə göstərilən yüksək etimadın növbəti təzahürüdür. Yəni, bu tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir”.

“Bu möhtəşəm idman hadisəsi çərçivəsində Azərbaycanla Özbəkistanın  “İki ölkə – bir çempionat” adlı genişmiqyaslı dövlət proqramının həyata keçiriləcəyinin də  nəzərdə tutulduğunu vurğulayan A. Əsədovun fikrincə, idman üzrə  əməkdaşlığımız yüksək mərhələyə yüksəlib: “Yeri gəlmişkən, 2021-ci ildə Daşkənddə Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında memorandum, 2023-cü ildə isə Bakıda Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Özbəkistanın Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalanıb. Şübhəsiz, U-20 dünya çempionatının birgə təşkili iki ölkə arasında idman əməkdaşlığını yeni mərhələyə yüksəldəcək”.

Azərbaycanın son illərdə bir sıra böyük turnirlərin (AVRO-2020-nin bəzi oyunları, UEFA Avropa Liqasının final matçı, 17 yaşlılar arasında Avropa çempionatı, 17 yaşadək qızlar arasında dünya çempionatı, həmçinin minifutbol üzrə dünya çempionatı) təşkilində əhəmiyyətli təcrübə qazandığını və bütün bunların FIFA və UEFA rəsmiləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan müsahibimiz daha sonra dedi: “Dekabrın 15-də Prezident İlham Əliyev “20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Təşkilat Komitəsinin iclasları keçirilir. Sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunur. Özbəkistan Prezidenti də belə bir sənəd imzalayıb.

Şübhəsiz, bu, dövlət başçılarının bu tədbirə yalnız idman yarışı deyil, strateji beynəlxalq layihə kimi yanaşdığını göstərir. Bu gün Azərbaycan belə nüfuzlu yarışa ev sahibliyi etməyə tam hazırdır. Zənnimcə, Özbəkistanda da bununla bağlı vəziyyət ürəkaçandır.

U-20 dünya çempionatı Azərbaycan və Özbəkistan futbolu arasında yeni əməkdaşlıq imkanları yaratmaqla yanaşı, hər iki ölkədə uşaq və yeniyetmə futbolunun inkişafına ciddi təkan verəcək. Şübhə etmirəm ki, həm Bakı, həm də Daşkənd beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edəcək. Bu da onlara FIFA-nın daha böyük turnirlərini qəbul etmək üçün namizədliklərini irəli sürmələrinə vəsilə olacaq”.

Söhbətinin sonunda 1989-cu ildə özbəkistanlı həmkarı Mircəlal Kasımovla birlikdə SSRİ-nin gənclərdən ibarət yığmasının heyətində Səudiyyə Ərəbistanında keçirilən U-20 dünya çempionatından söz açan müsahibimiz belə çempionatları böyük futbolun tramplini kimi dəyərləndirdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”