18 iyun 2025 19:04
108

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər müzakirə olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların reabilitasiyası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə yaradılmış komissiyanın növbəti iclası olub.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tarixi Zəfərlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı genişmiqyaslı sosial dəstək işlərinin aparıldığını vurğulayıb.

Bu işlərin mühüm bir istiqamətinin də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasına yönəldiyi qeyd edilib. Bildirilib ki, son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturu bu sahədə mühüm rol oynayır. Reabilitasiya mərkəzlərində effektiv fizioterapevtik müalicə üsullarından, müasir metodika və texnologiyalardan geniş istifadə edilməklə müharibə ilə əlaqədar əlilliyi olanlar keyfiyyətli bərpa müalicəsi xidmətləri ilə təmin edilirlər.

Bu sahədə aparılan ardıcıl işlər onların reabilitasiyasına, sağlamlıqlarına qovuşmalarına müsbət təsirini göstərir. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olanların reabilitasiya vasitələri, o cümlədən son nəsil yüksək texnologiyalı protezlə təminatı həyata keçirilir.

İclasda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müalicə-reabilitasiya xidmətləri ilə təmin olunmasının nəticələri, onların sosial inteqrasiyası, sosial dəstəklə təminatı məqsədilə görülmüş işlərə dair təqdimat edilib və bu işlərin nəticələri müzakirə olunub.

Qeyd edək ki, Komissiyanın tərkibinə müdafiə və səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxildir.