08 iyun 2025 20:57
91

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

Tbilisidə hava limanı, avtomobil magistralı və dəmir yoluna yaxın ərazidə inşa olunan Quru Limanın birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb və liman artıq istifadəyə verilib. Bu limanın fəaliyyətə başlaması yalnız Gürcüstan üçün deyil, həm də region ölkələri və beynəlxalq yükdaşıma sahəsi üçün mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Quru Liman kimi strateji layihələrin reallaşdırılması Orta Dəhlizin də inkişafında mühüm rol oynayacaq. Bu multimodal infrastruktur yalnız yük və tranzit daşımaları üçün deyil, eyni zamanda, müxtəlif nəqliyyat və logistika əməliyyatları çərçivəsində əlavə dəyər yaradır və bu da ölkə iqtisadiyyatına mühüm töhfə verir.

“Biz Orta Dəhlizi sadəcə yükdaşımaları marşrutu kimi deyil, mürəkkəb nəqliyyat və logistika ekosistemi kimi görürük. Bu cür layihələr çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində dəyər zəncirləri yaranır. Məhz bu baxımdan Tbilisi Quru Limanı kimi infrastruktur obyektlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir vurğulayıb.

Levan Davitaşvilinin sözlərinə görə, Tbilisi Quru Limanının əlverişli coğrafi mövqeyi, - hava limanı, avtomobil yolları və dəmir yolu xətlərinə yaxınlığı, - onun regionda nəqliyyat qovşağı rolunu gücləndirir və Orta Dəhliz çərçivəsində Gürcüstanın potensialını daha da artırır.

Qeyd edək ki, tikintisi üç mərhələdən ibarət olacaq liman 28,5 hektar ərazidə inşa edilir və ilkin mərhələdə 21 milyon dollar sərmayə qoyulub. Hazırda istismara verilmiş birinci mərhələ ildə 100 min konteynerin emalına imkan verir. Növbəti mərhələlərin tamamlanması ilə bu göstəricilər daha da artacaq.