08 iyun 2025 18:21
108

Türkiyədə ilk yerli atom sualtı qayığının inşası müzakirə olunur

Türkiyədə ilk yerli nüvə enerjisi qurğusuna malik sualtı qayığın (NÜKDEN) yaradılması proqramı nəzərdən keçirilir. Bu layihə ölkənin Hərbi Dəniz Qüvvələrinin idxaldan asılılığını tamamilə aradan qaldıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “STAR” qəzeti məlumat yayıb.

Nəşr xatırladır ki, daha əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ərcümən Tatlıoğlu, ardınca isə sualtı donanmanın komandanı Timur Yılmaz yaxın zamanda atom sualtı qayığının yaradılmasının əhəmiyyətinə diqqət çəkiblər.

“Yeni növ sualtı qayıqlar xüsusilə Şərqi Aralıq dənizində Türkiyə Silahlı Qüvvələrinin gücünü artıracaq. Atom sualtı qayığı “Anadolu” çoxməqsədli desant gəmisinin rəhbərlik etdiyi dəniz qrupunun əsas tərkib hissəsi olacaq. Bu layihə Türkiyə üçün artıq zəruri bir ehtiyacdır”, – deyə qəzet T.Yılmazın sözlərindən sitat gətirir.

Qeyd olunur ki, hazırda atom sualtı qayıqları yalnız bir neçə ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Hindistanın silahlı qüvvələrinin arsenalında mövcuddur.

“Türkiyə tərəfindən belə bir sualtı qayığın yaradılması həm regionda, həm də dünyada qüvvələr balansına təsir göstərəcək”, – deyə STAR qəzeti yazır və əlavə edir ki, layihənin həyata keçirilməsinə fəal hazırlıq davam edir.