05 iyun 2025 16:57
174

Azad edilmiş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib

KOBİA azad edilmiş ərazilərdə bizneslərin bərpası prosesində fəal iştirak edir. Hazırda bu istiqamətdə iki əsas fəaliyyət mövcuddur: Qarabağ bölgəsinin yerli və xarici investorlar üçün investisiya potensialının təbliği və tanıdılması, həmin bölgədə fəaliyyət göstərmək istəyən sahibkar və investorların müraciətlərinin toplanması.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bizneslərin qurulması üçün bu günə qədər 3000-dən çox müraciət daxil olub ki, onlardan 507-si xarici bizneslərə məxsusdur və bunların da 10-dan çoxu Çin şirkətləridir.

“Əsas prioritet sahələrə tikinti, turizm, mədənçıxarma, neft-kimya, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika, ticarət, telekommunikasiya, kənd təsərrüfatı və istehsal, “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri daxildir. Təcrübə və informasiya mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərin reallaşdırılması məqsədilə əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə böyük önəm veririk. Beynəlxalq tərəfdaşlarla mütəmadi görüşlər, birgə tədbirlərin təşkili və proqramların hazırlanması vasitəsilə yerli və beynəlxalq KOB-lar bir-birinə daha da yaxınlaşdırılır”, - deyə KOBİA sədri qeyd edib.