05 iyun 2025 10:28
140

Meksika ABŞ-ın polad vergisi qərarına reaksiya verdi

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın polad idxalına gömrük rüsumunu 50 faizə qaldırmaq qərarına reaksiya verib.

İki sahil”in məlumatına görə, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Sheinbaum, ABŞ-ın polad və alüminium idxalına tarifi 25 faizdən 50 faizə yüksəltmə qərarını tənqid edərək, bu qərarın "ədalətsiz" və "hüquqi əsassız" olduğunu bildirib.

"Bizim nöqteyi-nəzərimizdən bunun heç bir hüquqi əsası yoxdur. Çünki iki ölkə arasında ticarət razılaşması var. ABŞ bunu milli təhlükəsizlik baxımından qiymətləndirir. Bununla belə, Ağ Evin sözçüsü Meksika ilə bütün mövzularda, o cümlədən təhlükəsizlik sahəsində yaxşı əməkdaşlığın olduğunu bildirib. Ona görə də bu qərarın haqlı olduğunu düşünmürük", deyən Şeynbaum əlavə edib ki, İqtisadiyyat naziri Marselo Ebrardın Vaşinqtonda ABŞ ticarət naziri Hovard Lutnik ilə razılığa gəlmək üçün danışıqlar aparacaq.

ABŞ ilə ortaq bir yol tapılmasa, Meksikanın öz tədbirləri görəcəyini vurğulayan Şeynbaum, "Əgər razılaşma əldə olunmazsa, alacağımız tədbirləri gələn həftə açıqlayacağıq. Bu problemlər əvvəllər də var idi. Dünyanın digər bölgələrindən idxalın azalması ilə bunları həll etməyə çalışırdıq. Ancaq indi yeni addımlar atmağımız lazım ola bilər", - deyib.

Xatırladaq ki, dünən Tramp polad və alüminium idxalına qoyulan 25 faizlik gömrük rüsumunu 50 faizə çatdıran fərman imzalayıb.

Sərəncamda tariflərin iyunun 4-də yerli vaxtla saat 00:01-dən qüvvəyə minəcəyi bildirilib.

Bu qərar polad və alüminium istehsalının 84 faizini ABŞ-a ixrac edən Meksikaya dərindən təsir edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”