05 iyun 2025 08:15
169

Parisdə Panteon meydanında Qobustan və Xınalıq fotoları nümayiş olunur

Parisin 5-ci rayonunda yerləşən Panteon meydanında məşhur fotojurnalist Rza Deqatinin fotolarından ibarət sərginin açılışı olub.

“İki sahil” xəbər verir ki, “Webistan” bürosu, “Rza atelyesi” və “Səma” nəşriyyatının birgə təşkilatçılığı ilə reallaşan “Bilik vadisi” adlı sərgidə fotoqrafın Qobustan və Xınalıqda çəkdiyi fotolar da yer alıb.

Ölkələrin, xalqların, müharibələrin, qəhrəmanların hekayələrini izah etmək üçün fotoreportaj mümkün olan yollardan biridir. Reza həyatda gördüyü, yaşadığı və üzləşdiyi hadisələri fotoların dili ilə çatdırır. Hər bir fotonun məna dərinliyini ifadə etmək üçün poeziyadan istifadə edib. Xınalıqda çəkilmiş fotonun üzərində “Səyahət etməyən, oxumayan insan yavaş-yavaş ölür” sətri, Qobustanı əks etdirən fotonun üzərində isə “Bilik təbii və ayrılmaz irsimizdir” yazılıb.

Qeyd edək ki, mühacir həyatı sürən, müharibələr və sülhün bərqərar olduğu məkanlarda uzun yollar qət etmiş fotojurnalist insanlarla təmas qurur və fotoları vasitəsilə müxtəlif emosiyaları, xatirələri əbədiləşdirir. 1979-cu ildən dünyada baş verən sarsıntıların danılmaz şahidi olan Rza “sülh müxbiri” olmağı seçib. Reza münaqişədə olan cəmiyyətlərdə, meqapolislərin ətrafında insanların talelərini fotoları ilə vizual hekayəyə çevirir. Dəfələrlə beynəlxalq səviyyəli mükafatlarla təltif edilmiş Reza 35 kitabın müəllifidir. Aşoka Fondunun baş əməkdaşı olan Reza “World Press Photo”, Beynəlxalq Fotoqrafiya Mərkəzinin “Infinity Award”, “Lucy Award” mükafatları ilə təltif olunub. Missuri Universitetinin “Şərəf Medalı”na layiq görülüb. O, Paris Amerika Universitetinin fəxri doktoru adını alıb. Fransada Milli Xidmətlər üzrə “Cəngavər” medalı ilə təltif olunub.