03 iyun 2025 20:35
180

Bakı Enerji Forumunun ilk günü başa çatıb - FOTO

Bu gün Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 30-cu Bakı Enerji Forumu işə başlayıb.

“İki sahil” xəbər verir ki, konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olub.

Forumun ilk günündə nazirlər səviyyəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq”, “Dayanıqlı enerji ekosisteminə aparan yol”, “Geoloji Kəşfiyyat – resursların aşkar olunmasında innovativ texnologiya üsulları”, “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması”, “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” mövzularında panel müzakirələri keçirilib.

Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiya baş tutub. Sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Ötən il Azərbaycanın neft ixracının 75 faizdən çoxu, təbii qaz tədarükünün isə 51 faizi Avropa ölkələrinə yönəlib.

“Qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7 faiz payla dördüncü təchizatçıdır. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək qeyri-sabit dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb”, - deyə nazir əlavə edib.

O qeyd edib ki, bu il 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə veriləcək, 200 meqavat gücündə üç günəş elektrik stansiyasının tikintisinə başlanılacaq.

“Planlarımız bu göstəricini 2030-cu ildə 38 faizə, 2035-ci ildə isə 42,5 faizə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 giqavatdan çox “yaşıl enerji gücü”nün 4 giqavatı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” - Naxçıvanın 6 giqavat bərpaolunan enerji potensialının ən azı 1 giqavatı ixrac ediləcək. Azərbaycan Prezidentinin yaşıl enerjinin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə yaşıl enerji, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək”, - deyə nazir bildirib.

Azərbaycanın yaşıl enerji vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpaolunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib.

Nazirin sözlərinə görə, 2030-cu ilin sonunadək ümumi gücü 2700 meqavat olan külək-günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək. Bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılması və zəruri zəmanətlərin təmin olunması vacibdir. Nazir, həmçinin son 30 il ərzində karbohidrogenlərin qlobal enerji balansında payının təxminən 5 faiz dəyişməsinə istinad edərək bildirib ki, alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır.

“Neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet olmalıdır. İndi investorlar üçün aydın və proqnozlaşdırıla bilən, eyni zamanda, real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır”,- deyə P.Şahbazov bildirib.

Nazirin çıxışı zamanı qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, “Exxon Mobil Corporation”, MOL, ITOCHU və “Gran Tierra Energy” şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb.

Pakistanın federal enerji naziri (neft divizionu) Ali Pervaiz Malik çıxışında bildirib ki, Pakistan hazırda enerji səmərəliliyini və qənaətini artırmağa yönəlmiş bütöv bir strategiya hazırlayır.

"Biz daha çox inklüziv, dayanıqlı pradiqmaya, daha çox sənayeləşdirməyə doğru gedirik. Çalışmalıyıq ki, enerji siyasətimizi əlaqəli edək. Pakistanda 150 böyük enerji şəbəkəsi var. Ən böyük narahatlıq doğuran məsələ qaz sektorunu dayanıqlı etməkdir", - deyə Pakistanın enerji naziri vurğulayıb.

O əlavə edib ki, Pakistan qaz ehtiyatlarının lokallaşdırılması prosesində göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana minnətdarlığını bildirir: “Son bir neçə ildə Pakistanın tədarükünün əhəmiyyətli hissəsi dost ölkələrin hesabına həyata keçirilib və ölkənin bununla bağlı təxminən 3-4 müqaviləsi var. Biz ilk növbədə, yeni müqavilələrə qoşulmazdan əvvəl çalışırıq ki, götürdüyümüz öhdəlikləri yerinə yetirək. Eyni zamanda, kəşfiyyat və hasilatı stimullaşdırmağa çalışırıq. Pakistanın ən böyük qaz istehlakçısı enerji sektoru və məişət sektorudur. Biz məişət texnikası üçün enerji səmərəliliyi standartlarını tətbiq etməyə çalışırıq”.

Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar nəzərə çatdırıb ki, Türkiyə 2053-cü ilə kimi 0 emissiya ilə bağlı öhdəlik götürüb.

O bildirib ki, qarşıya 2035-ci ilə qədər bərpaolunan enerji istehsalını 30 giqavatdan 120 giqavata qədər artırmaq hədəfi qoyulub ki, buna da 100 milyard dollardan çox investisiya tələb olunur.

“İlk nüvə stansiyasını istismara verəcəyik. Türkiyə idxal olunan enerji asılılığını azaltmaqdadır. Somalidə seysmik kəşfiyyat işlərimiz tamamlanmaq üzrədir. Türkiyə gündəlik 9,5 milyon kubmetr qaz hasil edir. “Osman qazi” yatağında gündəlik hasilatın 11 milyon kubmetr olacağı planlaşdırılır. Türkiyənin məqsədi qaz hasilatını gündəlik 40 milyon kubmetrə çatdırmaqdır”,- deyə nazir bildirib.

Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero öz çıxışında bildirib ki, 2040-2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq əsas hədəfdir.

O bildirib ki, Avropa Komissiyası rəqabəti genişləndirməyə fokuslanıb.

“Etibarlı partnyorlar çox vacibdir, Azərbaycan buna çox gözəl örnəkdir. Həm bərpaolunan, həm də qazıntı yanacaqlarında Azərbaycan nümunəvi ölkədir. Avropa İttifaqı bütün beynəlxalq tədbirlərdə iştirak edir. Biz birlikdə şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləməliyik”, - deyə o bildirib.

Bolqarıstanın energetika nazirinin müavini İva Petrova öz növbəsində diqqətə çatdırıb ki, Bolqarıstanda bərpaolunan enerji istehsalını artırmaq əsas məqsədlərdəndir və təhlükəsizlik vacibdir.

“Bolqarıstan Cənub Qaz Dəhlizinə (CQD) 2022-ci ildə qoşulub. Layihədə şaquli qaz infrastrukturunu inkişaf etdiririk. Rumıniyaya doğru genişləndirmə gedir və dəhlizin şaxələndirilməsində bu, önəmli addımdır. Enerji təhlükəsizliyində CQD böyük rol oynayır. Həm region təhlükəsizliyində, həm də CQD-da Azərbaycan etibarlı partnyor kimi çıxış edir”, - deyə bolqar nazir müavini qeyd edib.

“Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olub. O, çıxışında bütün həyata keçirilən tədbirlərin 2050-ci ilə qədər xalis sıfıra nail olmağa təkan verdiyini vurğulayıb.

O bildirib ki, regionda enerji balansının yaranması üçün Azərbaycanın unikal imkanı var.

“Neft və qaz kəşfiyyatına investisiya qoyuruq, çünki 10 il sonra da ənənəvi yanacağa ehtiyac olacaq. Ancaq biz ən yaxşı texnologiyalardan istifadə edir və karbonsuzlaşdırmaya üstünlük veririk. Azərbaycan yalnız ənənəvi enerjiyə deyil, bərpaolunan enerjiyə də investisiya qoyur. Biz çalışırıq ki, partnyorlara günəş, külək və digər bərpaolunan enerjilərə investisiya qoymaq üçün imkan yaradaq. Azərbaycanda coğrafi məkan və enerji resurslarının mövcudluğu əlverişlidir. Enerjiyə tələbat isə getdikcə artmaqdadır. Biz bunu dayanıqlı tərzdə etməyə çalışırıq”, - deyə o bildirib.

O əlavə edib ki, SOCAR ölkə hüdudlarından kənarda da fəaliyyətini davam etdirir: “Əlavə saziş imzalanacaq və beynəlxalq portfelimizə aktivlər əlavə ediləcək. Ölkəyə əlavə investisiyalar cəlb olunacaq. Neft və qaz istehsalına, o cümlədən bərpaolunan enerjiyə əlavə dəyərlər veriləcək. Elektrik enerjisinin ixrac infrastrukturunu yaratmağı düşünürük. Bu istiqamətdə Mərkəzi Asiya və Avropadakı partnyorlar ilə bir neçə sənəd imzalanıb. Qara dəniz ilə Türkiyədən Avropaya ixrac nəzərdə tutulur. Bu infrastruktur bir neçə ölkə arasında əməkdaşlığı vacib edir. Nikbinlik potensialımız daha yaxşı istifadə ediləcək”.

Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulesçu diqqətə çatdırıb ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətlidir.

“Bakı Enerji Forumu bir uğur hekayəsidir. Hər il Rumıniya bu beynəlxalq tədbirə dəvət olunur və biz birlikdə enerji sektorunun dinamikliyini təhlil edirik. Enerji sahəsi bizim siyasətin bir komponentidir. İnanıram ki, ölkələrimiz arasında regional əməkdaşlığın gücləndirilməsində böyük irəliləyiş əldə olunub. Adekvat infrastrukturun həyata keçirilməsi regionun təhlükəsizliyi üçün çox vacibdir. Bizim gələcək fəaliyyətimiz enerji sektoruna investisiyaların cəlb edilməsi və bu sahədə tənzimləyici çərçivənin qurulmasıdır. Biz potensialın həyata keçirilməsinə fokuslanmışıq və ölkəmizdə bunun üzərində daim çalışmışıq. Əlçatan və təmiz enerjinin təmin edilməsi vacibdir. Rumıniya, eyni zamanda Moldova və Ukrayna üçün də etibarlı bir partnyordur”, - deyə rumıniyalı dövlət katibi bildirib.

“KazMunayGas” İdarə Heyətinin sədri Asxat Xasenov bildirib ki, Qazaxıstanda 76 milyon ton karbohidrogen rezervləri mövcuddur.

O bildirib ki, ikinci strateji sahə petrokimya sahəsidir.

“Biz həm yerli bazarı təmin etməliyik, həm də daha dəyərli məhsul istifadə edilməlidir. Karbonsuzlaşma gündəliyinə baxsaq, bizim SOCAR-la çox yaxşı partnyorluğumuz var. İnanıram ki, qısa zamanda bu sahədə əməkdaşlığımız öz nəticələrini verəcək. Bərpaolunan enerji layihələri bizim üçün mühüm əhəmiyyət kəsb edir. Dəmirlə titaniumun birləşməsindən hidrogen saxlancı üçün istifadə edirik. İnanıram ki, biz beynəlxalq bazarlarda əsas enerji təminatçılarından biri olacağıq. SOCAR da bu istiqamətdə bizə lazımi köməyini göstərir, dəstəyini əsirgəmir”, - deyə A.Xasenov qeyd edib.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun sözlərinə görə, Cəbrayıldakı “Şəfəq” Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına mühüm töhfə verəcək.

“Biz regionda ilk günəş enerjisi layihəmiz ilə bağlı yekun investisiya qərarını indicə qəbul etmişik. İstehsal olunan elektrik enerjisi işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının dəstəklənməsinə sərf olunacaq”,- deyə Q.Counz qeyd edib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze diqqətə çatdırıb ki, hələ başlanğıcdan Gürcüstan Azərbaycanla birlikdə bir çox layihələrdə iştirak edib və Azərbaycan etibarlı tərəfdaş rolunu davam etdirir.

O qeyd edib ki, Gürcüstan tranzit ölkə kimi yaşıl enerjinin təchizatını təmin edə bilər.

“Biz əməkdaşlıq edərək bunu genişləndirə bilərik. Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir. Ümid edirik ki, digər ölkələr də bu layihəyə qoşulacaq”,- deyə nazir müavini bildirib.

Maldiv Respublikası turizm və ətraf mühit nazirinin müavini Hüseyn Aqil Nasir öz çıxışında qeyd edib ki, Maldiv güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizə aparır.

“Biz və bizim kimi ölkələr iqlim dəyişikliyinin təsirlərini dərindən hiss edirik. Enerji sektoru idxal edilən dizeldən çox asılıdır. Bu asılılığı azaltmaq üçün bərpaolunan enerjinin payının artırmağa çalışırıq. Təbii ki, burada partnyorluq və güclü enerji infrastrukturunun yaradılması çox vacibdir. Biz, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi, milli infrastrukturun artırılması, regional enerji bazalarının gücləndirilməsi üçün çalışırıq. Eyni zamanda, partnyor ölkələrdən dəstək gözləyirik. Birgə investisiyanın qoyulması, stabil enerjinin qurulmasına dəstəyə ehtiyac var. Maldiv beynəlxalq partnyorluğa mühüm əhəmiyyət verir. Gəlin, birlikdə dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışaq”, - deyə nazir müavini qeyd edib.

Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriatu Luis Soares Kassama vurğulayıb ki, sərhədlərarası tərəfdaşlığın neft-qaz sektorunda gücləndirilməsi vacib amillərdəndir.

“Biz bunun ilkin mərhələsindəyik. Tərəfdaşlıq nəinki qlobal enerji təchizatını, həmçinin yerli potensialı da gücləndirəcək. Qlobal tərəfdaşlığın, xüsusilə texnologiya sahəsində olması çox önəmlidir. Regional enerji siyasəti bizim enerji siyasətimizin əsasını təşkil edir. İqlim sahəsində ölkələri ədalətə çağırırıq”,- deyə o bildirib.

Somali Federativ Respublikasının energetika və su resursları naziri Abdullahi Bidhaan Varsame çıxışında Somalinin böyük bərpaolunan enerji mənbələrinə sahib olduğunu vurğulayıb.

“Bu gün Bakıda keçirilən Bakı Enerji Forumunda iştirakımız, eyni zamanda, qlobal fəaliyyətlərdə də iştirakımızı gücləndirir. Biz Somalidə günəş stansiyaları qurmuşuq. Bu işləri davam etdirəcəyik və bərpaolunan enerjinin gücünü artıracağıq. Bu sahəyə investisiya yatırılmasını istəyirik. Somalidə bərpaolunan enerjinin potensialı genişdir. Bildiyiniz kimi, Somalidə ilin 360 günü günəş var. Günəş enerjisi Somali üçün yetərli enerji təmin edəcək”, - deyə somalili nazir qeyd edib.

Nazir, həmçinin Somali ilə Azərbaycan arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu sənədlər iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verəcək.

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı bildirib ki, 2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.

O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.

“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, - deyə o bildirib.

“Masdar”ın Biznesin inkişafı və investisiyalar üzrə (MDB) rəhbəri Məryəm Rəşid Əl Məzrui nəzərə çatdırıb ki, şirkət ilin sonunadək Azərbaycanda 240 meqavatlıq külək layihəsinin tikintisinə başlamağa ümid edir.

“Azərbaycan “Masdar” üçün strateji bazarlardan biridir. 240 meqavatlıq külək layihəsi hazırda inkişaf mərhələsindədir. Biz ilin sonuna kimi layihənin tikintisinə başlayacağımıza ümid edirik”, - o bildirib.

“TotalEnergies”in Azərbaycan üzrə ölkə sədri Emmanuel de Guillebon əlavə edib ki, Azərbaycanda layihələri həyata keçirmək üçün innovativ olmaq lazımdır: “Yeni konsepsiya qarşımızdadır. Budəfəki dənizaltı infrastruktur - 140 kilometrlik yeni, çoxfazalı boru kəməri Səngəçalda inşa ediləcək qaz emalı zavoduna qədər uzanacaq”.

O qeyd edib ki, bu kəmərdə qaz və kondensat qarışıq ötürüləcək.

“Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsində qabaqcıl texnologiyalar tətbiq olunacaq. Yatağın yeni fazası 3 dəfə böyük olacaq”, - deyə o bildirib.

“ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova çıxışında deyib ki, şirkət olaraq həyata keçirdikləri layihələr dövlətin məqsədlərinə uyğundur.

“Bütün ölkələrdə portfelimiz kifayət qədər genişdir. Dünyada 100-dən çox aktivimiz var və 14 ölkədə fəaliyyət göstəririk. Onların arasında Azərbaycan strateji və əziz partnyordur. “ACWA Power” şirkəti Azərbaycanda kompleks işlər görür. Biz təkcə enerji layihələri deyil, su təchizatı layihələrini də həyata keçirir, suların duzsuzlaşdırılması layihəsi üzərində çalışırıq. Bu ilin yanvarında tenderdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə qalib olduq. Layihə nəticəsində 300 min kubmetrdən çox su emal ediləcək. Bu layihələr göstərir ki, biz ölkədə ehtiyaclara köklənirik”, - deyə P.Lyubomirova qeyd edib.

Sessiya və panel müzakirələrdə qeyd olunub ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib.

Forumda, həmçinin yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.

Qeyd edək ki, Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir.

Forum iyunun 4-də öz işini davam etdirəcək. Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış qlobal biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq “bestseller” kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək. Forumun 2-ci günündə Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Forumun son günündə “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A. Nordström ilə Xüsusi sessiya
Beynəlxalq Biznes və Ultramüasir Şirkətlərin Gələcək Ssenariləri”, “Enerjidə Rəqəmsallaşma: Məlumat və Texnologiyanın Gücü”, “Qaz Bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi”, “Elektrik Enerjisinin İstehsalı və Şəbəkə İnfrastrukturunun İnkişafı: Gələcəyin Enerji Təchizatı” mövzularında panel müzakirələri keçiriləcək.