03 iyun 2025 19:54
168

İqtisadiyyat Nazirliyində "Saipem S.p.A." şirkəti ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

“İki sahil” nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.

"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.