04 iyun 2025 00:13
188

Bir imza, min zəmanət: Əmanətli həyat, borcsuz gələcək

Kredit həyat sığortası məsuliyyətin və sosial qayğının hüquqi ifadəsidir

Həyat planlarla doludur – yeni mənzil, daha yaxşı təhsil, sabit gəlir, ailə rifahı. Bu planların çoxu bank krediti ilə həyata keçir. Kredit müqaviləsi imzalananda hamı sabahkı ödənişi düşünür, amma çox az adam sabahın özünü düşünür. Halbuki həyat, kredit kimi uzunmüddətli və stabil deyil. Heç bir insan sabah başına nə gələcəyini bilmir. Sual isə belədir: siz olmayanda  kredit borcunuzu kim ödəməli olacaq?  Bu sualın ən ağıllı cavabı budur: kredit həyat sığortası.   Bu xidmət ailənin özünü tək hiss etməməsi üçün atılmış bir addım, həyatın sonrakı fəsli üçün yazılmış hüquqi təminatdır. Təəssüf ki, Azərbaycanda bu sığorta növü hələ də kifayət qədər yayılmayıb. Nəticədə, hər il onlarla ailə ata, ana və ya həyat yoldaşı ilə birlikdə evi, sabitliyi, gələcəyi də itirir.

Maddi sipərlə qorunan gələcək…

“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”na əsasən, vətəndaşlar kredit götürmək istəyərkən həmin kredit müqaviləsi üzrə öhdəlik müddətində sağlamlığında baş verə biləcək neqativ hallar səbəbindən əlilliyi, yaxud ölümü halında kredit öhdəliyinin onun sağlamlığı itdikdə özünə, vəfatı zamanı varislərinə əlavə yük yaratmaması üçün həyat sığortası məhsulu alaraq bu riskləri təminat altına almaq imkanına malikdirlər. Kredit həyat sığortası kredit müddəti boyunca kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edir.

Gələcəyi təmin edən real iqtisadi qalxan

Kredit həyat sığortasının təsiri yalnız fərdi səviyyədə deyil. Bu mexanizm bütün maliyyə sisteminin təhlükəsizliyi və çevikliyi üçün zəruridir. Çünki kredit həyat sığortası maliyyə sistemində zəncirvari sabitlik yaradır. Bank üçün bu, riskin sığorta şirkətinə ötürülməsi və problemli kreditlərin qarşısının alınması deməkdir. Beləliklə, bank aktivlərini qoruyur, batıq kreditlər azalır, sistemin çevikliyi və dayanıqlığı artır. Sığorta şirkətləri üçün bu məhsul davamlı və uzunmüddətli gəlir mənbəyidir. Bu, eyni zamanda, məhsul innovasiyasına da yol açır – yaşa, peşəyə, sağlamlıq vəziyyətinə uyğun fərqli təkliflər hazırlanır. Dövlət ailələrin sosial yardım ehtiyacının qarşısını alır, sosial yükü azaldır. Yəni, ailələr sığorta dəstəyi ilə ayaqda qalır, dövlət yardımına ehtiyac azalır. Cəmiyyətin ümumi rifahı və sosial sabitliyi qorunur. Lakin onun cəmiyyət tərəfindən tam anlaşılması və tətbiqi üçün maliyyə savadlılığı, şəffaf müqavilələr, ədalətli məhsul dizaynı və dövlət dəstəyi vacib şərtlərdir. Koordinasiya və qarşılıqlı əməkdaşlıq əsasında bu sistem hər kəsin təhlükəsizliyinə xidmət edə bilər.

Üçü birində: Ağıl, vicdan, göz…

Sektorun ağlı: Mərkəzi Bank kredit həyat sığortasının hüquqi tənzimlənməsi, şəffaflığın artırılması və maarifləndirmə üzrə əsas normativ orqandır.

Sektorun vicdanı: Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta mədəniyyətinin formalaşmasına çalışır, geniş auditoriyalar üçün maarifləndirici materiallar və layihələr təqdim edir. Banklar və sığorta şirkətləri arasında ədalətli münasibətlər üçün davranış kodeksləri hazırlayır. Kredit həyat sığortası müqavilələrinin hüquq və ədalətə əsaslanmasını təşviq edir, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verir.

Sektorun gözü: İcbari Sığorta Bürosu sığorta sistemində məlumatların düzgün dövriyyəsi və monitorinqi ilə məşğul olur. Şikayətləri operativ araşdırır və ödənişlə bağlı hüquqi qiymətləndirmələr aparır. Sığorta məhsullarının etik və texniki standartlara uyğun olmasına nəzarət edir və rəqəmsal infrastrukturun inkişafına dəstək verir.

Bu xidmətin cəmiyyətdə formalaşması və səmərəli işləməsi üçün mütləq qurumlararası inteqrasiya, normativ çərçivə və maarifləndirici dəstək tələb olunur. Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum bu sahədə qurumlararası koordinasiyanı gücləndirən mühüm addım olmuşdur. Bu sənədin məqsədi yalnız maarifləndirmə deyil, həm də sığorta mədəniyyətinin formalaşması və hüquqi çərçivənin təkmilləşdirilməsidir. Dövlətin bu prosesə fəal müdaxiləsi, gələcəkdə kredit həyat sığortasının həm yayılma miqyasını, həm də ictimai nüfuzunu artıracaq.

Yaxşısı isə budur ki, kredit götürən hər kəs bu sualı özünə versin: “Mən olmadıqda ailəmin bu borcla necə mübarizə aparacağına hazırammı”… Əgər cavab sizi düşündürürsə, o zaman bir imza ilə ailənizin sabahını sığortalamaq zamanıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”
Yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusunda keçirdiyi yazı müsabiqəsinə təqdim edilir.