ABŞ Prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə sahiblənməsindən sonra verdiyi qarmaqarışıq iqtisadi qərarlar dünya iqtisadiyyatında qeyri- müəyyənlik yaratdı. Xüsusilə onun bir çox ölkələrə təbiq etdiyi gömrük tariflərinin bir neçə dəfə artırılması qlobal borclanmaları sürətləndirdi. Eyni zamanda, enerji bazarlarındakı ənənəvi sabitlik pozuldu.
Məhz belə bir zamanda, iqtisadi gerilmələri önləmək üçün türk dövlətlərinin bir-birinə daha çox arxalanmasına ehtiyac duyulur. İndi bu ölkələr təkcə mənəvi-etnik bağlarlarla deyil, həm də iqtisadi tərəfdaşlıqla birlikdə olmağa çalışırlar. Əgər 2010-cu illərin əvvəllərində Türk dövlətləri arasında əməkdaşlıq daha çox simvolik platforma xarakteri daşıyırdısa, 2025-ci ildə artıq söhbət vahid ticarət, gömrük və nəqliyyat sistemlərinin təşəkkülündən gedir.
Xatırladaq ki, hazırda Türk Dövlətləri Təşkilatı (TDT) dünya əhalisinin 2,8 faizini və dünya iqtisadiyyatının 1,8 faizini əhatə edir və iqtisadi inkişaf potensialı yüksəkdir. Bu təşkilata üzv ölkələrdən biri olan qardaş Türkiyə iqtisadiyyatının həcminə görə dünyada ilk onluqdadır.
Bəli, indi Türk Dövlətləri Təşkilatı (TDT) siyasi və mədəni bağların fövqündə dayanan, konkret iqtisadi maraqları birləşdirən strateji əməkdaşlıq platformasına çevrilməkdədir. Ötən ay Budapeştdə keçirilmiş son qeyri-rəsmi Zirvə görüşü və Prezident İlham Əliyevin həmin tədbirrdə çıxışı bu baxımdan yeni mərhələnin başladığını göstərir. Zirvə görüşünda təkcə ideoloji həmrəylik deyil, konkret iqtisadi prioritetlər, qarşılıqlı asılılıq və regional koordinasiya mexanizmlərinin yaradılması da diqqət mərkəzində oldu.
TDT ölkələrinin inteqrasiyasında Orta Dəhliz arteriya damarı funksiasınını yerinə yetirir. 2024-cü ilin statistik göstəricilərinə əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmi 36 faiz artaraq 8.9 milyon tona çatmışdır. Bu artım yalnız texniki genişlənmə deyil, həm də siyasi inamın və institusional uyğunlaşmanın nəticəsidir. İndi Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Qazaxıstanın Aktau limanı bu marşrutun strateji düyün nöqtələri kimi çıxış edirlər. Bundan başqa, Azərbaycanın TDT-yə üzv dövlətlərə yatırdığı investisiyaların həcmi xeyli artmışdır ki, bu da ölkəmizin təşkilat daxilində əsas aparıcı mövqeyini nümayiş etdirir.
Türk ölkələri arasında ticarət əlaqələri inkişaf etsə də bu, hələ gözlənilən hədəfə çatmağa bəs etmir. Çünki bu inkişafa mane olan səbəblər mövcuddur. Yəni, sistemli inteqrasiya üçün hələ də bir sıra istiqamətlərdə boşluqlar mövcuddur. Məsələn, gömrük prosedurlarının standartlaşdırılmaması, bank sistemləri arasında ələqələrin zəifliyi və rəqəmsal infrastrukturda bərabərsizlik dediklərimizə sübutdur. Düzdür, TDT-nin qurumlararası müzakirələrində, imzalanan sənədlərdə və son görüşlərdə bu boşluqları aradan qaldırmaq üçün konkret hədəflər müəyyən edilib. Təbii ki bu prosesin sürətlənməsi Təşkilatın vahidləşməsinə yeni təkan verə bilər.
Biz bu yazımızda Azərbaycanın TDT-nin əsas güc mərkəzi olan qardaş Türkiyə ilə iqtisadi və ticarət əlaqələrinə də toxunacağıq. Bu, həmin Türkiyədir ki, hazırda iqtisadi gücünə görə dünyanın ən güclülərindəndir. Eyni zamanda, həm Cənubi Qafqazın, həm də Yaxın Şərqin söz sahiblərindən biridir. Qardaş ölkənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı dərəcədə inkişaf edib. Hazırda dünya bazarında Türkiyə PUA-larının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır. Türkiyənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı dərəcədə inkişaf edib. Son 5 ildə dünya bazarında Türkiyə PUA-larının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır. Ölkəmiz də bu gün Turkiyə müdafiə sənayesinin müasir və yüksək döyüş qabiliyyətli hərbi avadanlıqlarının- PUA və SİHA-ların əsas alıcılarındandır. İndi Azərbaycan Ordusu NATO standartlarına uyğun, qurulmaqla, həm də qardaş Türkiyənin silahları ilə təchiz edilir.
Ölkəmiz son 10 ildə Türkiyəyə 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycana 17 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Hər iki ölkənin birgə iqtisadiyyatı 1,2 trilyon ABŞ dolları həcmindədir. Əhalisi isə artıq 100 milyon nəfərə yaxındır. Xarici ticarətin strukturuna baxsaq görərik ki, burada da Türkiyənin payının digər ölkələrə nisbətən çoxdur. Belə ki, qardaş ölkə 2024-cü ildə Azərbaycan məhsullarının ən çox ixrac edildiyi ilk üç ölkədən biridir (14,4 faiz). Həmçinin ötən il Azərbaycanda istehsal olunan qeyri neft-qaz məhsullarının 16,2 faiz də Türkiyəyə ixrac edilib. Azərbaycanın məhsul idxalında isə bu ölkənin payı 11 faizdir. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan –Türkiyə iqtisadi- ticarət əlaqələri digər ölkələrə nisbətən xeyli çoxdur.
Elçin Zaman, «İki sahil»