03 iyun 2025 12:17
338

Müstəqilliyin bərpasından sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı ötən ilə təsadüf edir

Məlumatların təhlili ilə müəyyən edilib ki, dövlət büdcəsinin icrasına daxil edilmiş dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan, eləcə də subsidiya, məqsədli maliyyələşmə (o cümlədən nizamnamə kapitalının artırılması) və digər istiqamətli xərclərin də bir qismi istifadəsiz (500 milyon manatdan çox) saxlanılıb. Hesab edirik ki, qurumlar tərəfindən aparılan müvafiq əməliyyatlar dövlət büdcəsi üzrə uçot və hesabatlılıqda uyğunsuzluqlara səbəb olur və makrogöstəricilərin təhrif oluna biləcəyi ehtimallarını artırır.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin iyunun 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, müstəqilliyin bərpasından sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1 milyard 839 milyon manat olmaqla ötən ilə təsadüf edir. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir. Son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əməkhaqqı xərcləri demək olar ki, büdcə xərclərinin ümumi artımına uyğun templə gedib.

Hesablama Palatasının sədri qeyd edib ki, dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına birbaşa ayırmalar ilə yanaşı, əməkhaqqı həcmi də bu fondların gəlirlərinə təsir edir. Belə ki, dövlət büdcəsində əməkhaqqı həcminin artması büdcədə gəlir vergisi üzrə daxilolmaları artırmaqla bərabər, DSMF, İTSF, İSF kimi 3 sosial xarakterli büdcədənkənar dövlət fonduna ödənilən məbləğin də artımına səbəb olub. Yəni, əməkhaqqı artımı sosial rifah göstəricisi olmaqla yanaşı, həm də sosial xarakterli büdcədənkənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir. 2024-cü ildə bu 3 fonda dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqqları hesabına 1 milyard 895,2 milyon manat vəsait yönəldilib. Bu isə dövlət fondlarının gəlirlərinin büdcə sektorundakı əməkhaqqı səviyyəsindən asılılığını göstərir. Yəni, büdcə sektorunda əməkhaqqı üzrə artım sosial fondlara töhfə verir. Əməkhaqqı xərcləri sadəcə sosial göstərici deyil, həm də dövlət maliyyəsinin mühüm balanslaşdırıcı komponentidir.