MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bu qərar bizim üçün mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq göstəricisidir.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.
"2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur", - deyə A.Kərimli diqqətə çatdırıb.