1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər və gələcək planlarla bağlı məqaləsi yayılıb.
Ombudsman Aparatından “İki sahil”ə verilən məlumata görə, məqalədə bildirilib ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsidir və onların hüquqlarının müdafiəsi dövlətin, cəmiyyətin və hər bir fərdin borcudur. Valideynlərini itirmiş, himayəsiz, əlilliyi olan və ya zorakılığa məruz qalmış uşaqların hüquqlarının təmin olunması isə xüsusi diqqət tələb edir.
Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına və onun iki Fakultativ Protokoluna qoşularaq bu sahədə mühüm öhdəliklər götürüb. Ölkədə bu istiqamətdə aparılan islahatlar nəticəsində həm qanunvericilik, həm də institusional mexanizmlər təkmilləşdirilib, uşaqların rifahı və xidmətlərə çıxışı xeyli yaxşılaşdırılıb.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən ilk Konstitusiyada uşaq hüquqlarına dair mühüm müddəalar öz əksini tapıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı tədbirlər davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə uşaq dostu infrastrukturun yaradılması diqqət mərkəzindədir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, sosial rifahının artırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Fondun bu sahədəki fəaliyyəti uşaqların bərabər imkanlardan yararlanmasına töhfə verir.
Qeyd olunub ki, Ombudsman təsisatı uşaq hüquqlarının təşviqi və müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyət göstərir. Təsisatın nəzdində bu məqsədlə ayrıca struktur bölmə fəaliyyət göstərir. Həmçinin 2024-cü ildə “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının yerinə yetirilməsinin monitorinqi üçün xüsusi Monitorinq Qrupu yaradılıb. Bu addım BMT Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin icrasına xidmət edir.
Müvəkkil tərəfindən uşaq müəssisələrində mütəmadi monitorinqlər aparılır, maarifləndirmə tədbirləri keçirilir, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır. Hər bir müraciətə həssaslıqla yanaşılır, uşaqların hüquqlarının təmin olunması və müdafiəsi istiqamətində təşəbbüslər irəli sürülür.
Ombudsmanın illik məruzələrində də uşaqlara qarşı zorakılığın qarşısının alınması və onların hüquqlarının müdafiəsi ilə bağlı təkliflər yer alır. Son illərdə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinə və 2026–2030-cu illər üçün Uşaqlara dair Strategiyanın Fəaliyyət Planına Ombudsman tərəfindən rəy və təkliflər hazırlanaraq təqdim olunub.
Müvəkkil qeyd edib ki, uşaqların konstitusion hüquqları daim diqqət mərkəzində saxlanılır və bu sahədə işlər gələcəkdə də davam etdiriləcək.