02 iyun 2025 15:19
343

SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti  arasında Anlaşma Memorandumu imzalanıb

2 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti  arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti  layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.