01 iyun 2025 17:00
210

Azərbaycanın milli rəqsləri Aberdində tanıdılıb

Şotlandiyanın Aberdin şəhərində BA Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan rəqslərini kəşf et” adlı rəqs seminarı təşkil olunub.

“İki sahil” xəbər verir ki, ödənişsiz seminar iştirakçılara Azərbaycan milli rəqslərinin ritmik gözəlliyini və bədii ifadə imkanlarını kəşf etməyə şərait yaradıb. Hər rəqsin arxasındakı zəngin tarixi və mədəni irs əyani şəkildə təqdim edilib. Şəhər üzrə rəqs həvəskarlarını bir araya gətirən tədbir Billurə Bernardın və Aberdin Universitetindən Helen Linçin rəhbərliyi ilə keçirilib. Tədbir Azərbaycanın 28 May Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər silsiləsində baş tutub.

Seminarda iştirakçılar “Uzun Dərə”, “Yallı” və digər ölkələrə məxsus rəqsləri öyrənərək, Azərbaycan rəqs sənətinin qədim ənənələri, kollektivlik ruhu, dinamik hərəkətlər və əl jestləri ilə zəngin olduğunu praktiki şəkildə yaşayıblar.

Tədbir zamanı Aberdin Universitetinin ədəbi yaradıcılıq və erkən müasir ədəbiyyat üzrə mühaziri Helen Linç mədəniyyətlərarası əməkdaşlıq sahəsindəki təcrübəsini bölüşüb. O, universitetdə Albaniya, Bolqarıstan, Yunanıstan, Serbiya, Rumıniya, Türkiyə və digər ölkələrin rəqslərini əhatə edən Balkan rəqs seminarları ilə də tanınır. Helen Linç və Billurə Bernard Azərbaycan rəqsinin özünəməxsus ritmlərini və hekayələrini iştirakçılara ustalıqla çatdıraraq, müxtəlif mədəniyyətlərin paylaşılmasına və anlaşılmasına töhfə verib.