27 may 2025 12:17
299

Deputat: Makro-iqtisadi və fiskal proqnozlaşdırma metodologiyası təkmilləşdirilməlidir

Azərbaycanda makro-iqtisadi və fiskal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var.

“İki sahil” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatla tanışlıq göstərir ki, ötən il qarşıya qoyulan fiskal hədəflərə nail olunub: “Amma büdcənin icrası ilə bağlı bir sıra konseptual məqamlara diqqət çəkmək lazımdır. Makro-iqtisadi və fiksal proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsinə ehtiyac var. Demək olar, əksər göstəricilər üzrə proqnoz və hətta yenidən dürüstləşmə ilə icra arasında əhəmiyyətli kənarlaşmalar var”.

O qeyd edib ki, məsələn, 2024-cü ildə dövlət büdcəsinin ilkin təsdiq olunan xərcləri 36 milyard 763 milyon manat, dürüstləşdirilmiş xərclər 39 milyard 742 milyon manat olsa da, icra 37 milyard 713 milyon manat olub: “Yəni, proqnoz və icra arasında xərclər üzrə 2 milyard manatdan çox fərq qeydə alınıb və ya proqnoz büdcə kəsiri ilə real büdcə kəsiri arasında 6 dəfə çox kənarlaşma qeydə alınıb. Büdcə kəsirinin azaldılması müsbət haldır, ancaq bunun proqnozlarda bu qədər fərqlə qeydə alınması metodologiyanın təkmilləşdirilməsini daha da aktuallaşdırır”.