27 may 2025 00:45
466

Problemli kreditlərin həcmini necə azaltmaq olar?

Artıq bankların verdiyi kreditlərlə, cəlb etdiyi əmanətlər arasındakı balansı bərabərləşdirmək vaxtıdır

Bu gün kredit amili iqtisadiyyatın və sosial rifahın  mühüm tərkib hissəsi hesab edilir və inkişafa, yeni sərmayələr qazanmağa kömək edən vasitə kimi qəbul olunur. Kredit-maliyyə ifadəsi qədim zamanlarda hələ banklar yaranmamışdan əvvəl sələmçilik kimi tarixdə qalıb. Lakin sonradan cəmiyyətlər və dövlətlər inkişaf etdikcə yaranan banklar bu kortəbii prosesin nizamlı şəkildə aparılmasına münbit şərait yaratdı.

Təbii ki, bankların kredit verməsi özlüyündə çox dəyərli bir işdir və əvvəldə dediyimiz kimi inkişafa xidmət edir. Ancaq ölkəmizdə banklar tərəfindən istehlak kreditlərinin yüksək faziə verilməsi isə əhalini sanki banklardan asılı vəziyyətə salmaqdadır.

Qeyd edək ki, bu gün kommersiya bankları əhaliyə istehlak kreditlərini illik 11 faizə təklif etsələr də bu, üç illiyə 28-30 faizə gəlib çatır. Təbii ki, bu isə yüksək faiz sayılır. KİV-lərdə gedən məlumatlara görə, istehlak kreditləri avropa ölkələrində 5-7 faiz arasında dəyişir. Ölkəmizdə isə hətta Mərkəzi Bankın əvvəlki illərlə müqayisədə uçot dərəcəsinin aşağı salması da kredit faizlərində enmələrə kömək etməyib.

Problemli kreditlərin həcminin artması barədə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki,  hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var: «Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətdə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu, o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir.»

Bəs banklar niyə hələ də faizlərin aşağı salınması istiqamətində addımlar atmırlar? Bu maliyyə təsisatları hesab edirlər ki, faizlərin aşağı salınmaması kredit ödəmələrində yaranan risklərin qarşısının alınmasına hesablanıb. Onların bu məntiqindən belə nəticəyə gəlmək olur ki, banklar ödəmə qabiliyyəti normal olan müştərilərin üzərinə tətbiq olunduğu yüksək faiz dərəcələri hesabına riskləri aradan qaldırırmağa çalışırlar. Buna isə banklarımızın yaşın hesabına qurunu da yandırması deməkdir.

Bütün hallarda faiz dərəcələrinin yüksək olması cəmiyyətdə bir sıra problemlər yaradır. İlk növbədə zəhmətsiz gəlirin əldə edilməsinə şərait yaranır. Yüksək faiz dərəcələri borcdan qurtulmamaq, girovun əldən çıxması, sosial vəziyyətin pisləşməsi kimi mənfi nəticələrə gətirib çıxarır.

Düzdür, təxminən 15 il əvvəl sahibkarlıq subyektləri yüksək faizlə kredit götürürdüsə, bu, onların iqtisadi fəaliyyətində zərərlə nəticələnirdi. Hətta bəzi şirkətlərin müflisləşməsinə gətirb çıxarırdı. Lakin son bir neçə ildə Azərbaycan dövlətinin sahibkarlara kredit və subsidiyaların çox aşağı faizlə və uzunmüddətli verməsi, onlara vergi güzəştləri tətbiq etməsi nəticəsində bu ciddi problem aradan qalxdı.

Bankların fəaliyyətlərindəki qeyri-adekvat yanaşmalarından biri də odur ki, müştəri seçimində  daha çox seçicinin ödəmə qabliyyətiliyini nəzərə alılar. Yəni, müştəri bankları deyil, banklar müştərini seçirlər. Məsələn, işsiz, gəliri az vətəndaş üçün istehlak krediti götürmək müşkülə çevrilir. Ona görə də banklar ya zamin tələb edir, ya da  müştərilər başqasının adına kredit götürürlər.

Hətta bəzən müştəri cəlb etmək üçün banklar saxta reklamlara da yer ayırırlar. Məsələn, elan edirlər ki, 500 manat pensiya alan yaşlı pensiyaçılara 5 min manatadək kredit verillir. Lakin banka yaxınlaşanda elə ciddi tələblər irəli sürürlər ki, məcbur qalıb kredit istəyindən vaz keçirsən.  

İqtisadçıların qənaətincə, kredit faizlərinin yüksək olmasınının əsas səbəbim ilk növbədə banklar arasında rəqabət qabiliyyətinin aşağı olmasıdır. Mərkəzi Bankın yerli banklar üçün ayırdığı kredit portfelinin həcmi elə də yüksək deyil. Bu isə bankları xarici banklardan kreditlər cəlb etməyə sövq edir. Başqa bir məsələ isə banklara əmanətlərin cəlb edilməsidir.

Belə ki, ən yaxşı halda banklar əmanətləri 7-8 faizlə  qəbul edirlər. Həmin əmanətləri isə müştərilərə illik 11, üç illik isə 28 faizə istehlak krediti adı ilə verirlər. Demək, bu maliyyə prosesində də  balans pozulur. Əmanətçidən aşağı faizlə cəlb edilən məbləğ 3 dəfədən çox faizlə başqa bir müştəriyə verilir.

İqtisadçıların fikrincə, kredit faizlərinin aşağı salınmasının digər mühüm şərti bankların maliyyə bazasının Mərkəzi Bankdan onlara ayrılan vəsaitlərin həcminin artırılması ola bilər. Bu, kommersiya banklarının kredit vəsaitlərini artırar ki, nəticədə onlar digər mənbələrdən baha başa gələn kreditlər cəlb etmək məcburiyyətində qalmazlar, Həmçinin Dövlət Neft Fondundan banklara aşağı faizlə vəsaitlərin ayrılması da gələcəkdə bank fazilərinin azalmasına öz müsbət təsirini göstərər.

Elçin Zaman, “İki sahil”