21 may 2025 23:38
119

Vətən üçün sinəsini sipər etdi…

Vətən. Bu iki hecalı bir kəlmədə nə böyük hökm var İlahi. Nə böyük bir qüvvəti, qüdrəti, hikməti, mehr-məhəbbəti özündə ehtiva edir bu söz. Neçə milyon insanı öz mənasının altında cəm edir bu ifadə. Necə olur ki, beş hərf birləşərək 86.6 min kvadratkilometrlik bir ərazini bu qədər doğma edir insana. Və sənin ürəyin o kəlmə üçün döyünür, onun adı gələndə axan sular durulur. Və o kəlmə ki, qolboyun olaraq Azərbaycanla sənin yer üzündəki cənnətinə, yurd-yuvana çevrilir.

Həmişə başı bəlalı olub yurdumuzun. Əzəldən dostu az, düşməni çox olub bağrına basdığı insanının. İnsanı isə əzəldən mübariz və qətiyyətli olub. Torpağına gözü kimi baxıb, şərəfi kimi qoruyub, canı kimi əzizləyib. Axı, Vətən namusdur! Namussa toxunulmazdır!

90-cı illər xalqımız üçün ağır keçirdi. Ağzı qan qoxan düşmən yenə iyrənc əməllərinə üz tutmuşdu. Yenə gülünc xəyallarının arxasından qaçaraq bir ümid bu dəfə bəlkə alınar deyərəkdən çaqqal sürüyə basqın edər kimi xaincəsinə torpaqlarımızı işğal etməyə, insanlarımızı amansızcasına qətl etməyə başlamışdı. Rus havadarlarının köməkliyi ilə millətimizin başına olmazın müsibətlər açır, qanı su yerinə axıtmaqdan çəkinmirdilər. Qeyri-bərabər döyüşlərə rəğmən müdafiəmizə qalxan ordumuz və könüllülərimiz canları, qanları bahasına da olsa əllərindən gələni edərək Vətənimizin hər qarışını qorumağa çalışırdı. O qəhrəmanlar içində öz igidliyi ilə hələ sağlığında ad qazananlardan biri də Yusif idi. Adı dillərə dastan, düşmənə gözdağı Yusif!

Mirzəyev Yusif Vəli oğlu 1958-ci il may ayının 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz kəndində zəhmətkeş ailəsində dünyaya göz açıb. Atası Vəli kişi və anası Rəfiqə xanım yeddi övladını halal zəhmətləri ilə böyüdüb boya-başa çatdırıb. Onların içində Yusif fərqli idi. O, uşaq vaxtlarından həm ailədə, həm də məktəbdə təlim-tərbiyəsi, mehribanlığı, çevikliyi, iti zəkası ilə seçilib tay-tuşundan. Böyük-kiçik yeri bilən, sözünün əri, cəsarətli idi Yusif. İnsani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanan Yusif vətənə və torpağa olan sevgisi ilə də fərqlənirdi digərlərindən. Bir sözlə, o, hər kəsin xatirində qalacaq biri idi hələ sağlığında. 1975-ci ildə 1 saylı Naxçıvan şəhər tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedir. Oxumağa böyük marağı olsa da, ilk hərbi xidmətini başa vurmağa üstünlük verir. Hərbi xidmətdən sonra bir müddət Naxçıvan Rabitə Qovşağında işləyir. Elə o zaman həm də ali təhsil üçün biliyini səfərbər edir. Orada işlədiyi müddətdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olur və 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini müvəffəqiyyətlə bitirir. Həyatını yavaş-yavaş yoluna qoyurdu artıq. İşlərini sahmana saldıqdan sonra böyüklərinin də razılığı ilə ailə qurur. Valideynləri ona dillərə dastan olan toy edirlər. Həm öz adlarına, həm də övladlarının adına layiq şəkildə. Təsadüfmü, yoxsa gələcəyə işarəmiydi ki, gəlini darvazadan içəri gətirər-gətirməz bütün kəndin işıqları sönür. Dolayısıyla toy evi də qaranlıqlara qərq olur. Bu vəziyyət Rəfiqə xanımın  ürəyinə xal salır. O balasının taleyində bunun pis bir işarə olduğunu bəlkə də elə o gün hiss edir. Bəlkə də elə ona görə əllərini dizinə möhkəm  vuraraq həyəcanını hamıya bildirir. Zaman su kimi axır və bir ilin tamamına ailəyə bir mələk göndərilir Tanrı tərəfindən. Nurlana adlandırırlar bu qanadsız mələyi. Rəng qatır ata-anasının ömrünə. Zaman irəlidə ona ayrı bir istiqamət verəcəkdi, amma ona qədər o da hamı kimi öz həyatını yaşayır, qızı ilə həyata daha da möhkəm sarılırdı. Hər kəs alnına yazılanı yaşayar, ondan bir zərrə nə artığını, nə də əksiyini edə bilməz. Və tez bir zamanda cütlüyün yolları ayrılır. Bu, Yusifin ən çətin dönəmlərindən biri idi. O, getməyə qərar verir. Həmin il Bakıya üz tutur və bir də Naxçıvana dönməyəcəyinə qərar verir. Bakı ona dərdlərini unutduracaqdı irəlidə və o, başqa bir dərdinin daha ağır olduğunun fərqinə varacaqdı. Ona qədərsə başını aşağı salıb firavan yaşamağa çalışırdı. Ta ki, o qara buludlar 90-ci illərdə  xalqımızın başının üstünü alana kimi.  Onun da hamı kimi hüzuru qaçır, ağzının dadı itir. O da hamı kimi Meydan hərəkatına qoşulur və ən fəal üzvlərindən birinə çevrilir. O zaman maddi imkanı kifayət qədər yaxşı olan Yusif meydanda olan etirazçıları öz qazancı ilə, gücü çatdığı yerə qədər ərzaqla təmin edir. Onun bu fəallığı qara qüvvələrin xoşuna gəlmirdi. 1990-cı ildə 20 Yanvar faciəsi törədilən zaman qanunsuz şəkildə Bakı şəhər komendantlığı tərəfindən həbs edilənlər və ağır işgəncəyə məruz qalanlardan biri də o olur. Məhbəsdə ona tətbiq edilən fiziki zorakılığın nəticəsində böyrəkləri zədələnir və buna görə də o, qalan ömrünü ağrılar içərisində keçirmək məcburiyyətində qalır. Qüruru vücudundan daha çox incinmiş olduğu üçün böyrəklərinin ağrısı ona o qədər də bata bilmirdi. Həbsxanadan azad olunan kimi ilk işi o gecə vəhşicəsinə qətlə yetirilən şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı”nı ziyarət etmək olur. Və onların məzarları başında qanlarının yerdə qalmayacağına söz verir Yusif.

Sərhəddə vəziyyət günü-gündən daha da gərginliyə doğru gedirdi. Vətən darda idi və o da hamı kimi onun dadına çatmalı idi. Yurdunun ona ehtiyacı vardı. Dağlıq Qarabağda olmalı idi o da. Yusif Mirzəyev zaman itirmədən düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq cəbhəyə yollanır. O, zamanın xalq üçün göndərdiyi sərkərdələrindən, seçilmişlərindən biri idi. Qeyri-bərabər gedən döyüşlərdə ağlı və fərqli taktikası ilə üstünlüyü əldə saxlamağı bacarırdı. Goranboy və Ağdərə istiqamətlərində döyüşlərdə komandası ilə böyük şücaət göstərir. Cəmi 14 nəfərlik dəstəsi ilə bir çox əməliyyatlara qatılır, Ağdərənin 17 kəndinin işğaldan azad edilməsində yaxından iştirak edir.

Döyüşlərin birində mühasirəyə düşən dəstəni itki vermədən xilas edir. Nikbin, mehriban, qayğıkeş insan, ağıllı, qorxmaz və tələbkeş komandir idi. O, həm də insan sərrafıydı. Və döyüşçülərinə necə təsir edəcəyini yaxşı bilirdi.

Zaman-zaman böyrəkləri onu incidir və məcburiyyət qarşısında xəstəxanaya üz tutmalı olurdu. Onu müayinə vaxtı məlum olur ki, əslində döyüşə biləcək sağlıqda deyil. Və hər şəraitsiz bir gün onun həyatı riskini artırır. Lakin o, həkiminə qəti etiraz edərək yenidən cəbhəyə yollanır. Və elə xəstəxanada həkiminə deyir ki, “Bilirəm canım əldən gedir, axı, Vətən də əldən gedir”. O gün onun həyatında ömürboyu silinməyəcək gözəl bir xatirə yaşanır.

Xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı, tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alan Yusifin isti münasibətləri və vətən haqqında söhbətləri tarixə düşən möhtəşəm bir sonluqla öz möhürünü vurur. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyir ki, “mən vətənpərvərlik mövzusunda bir mahnı yazmışam”. Mahnı barədə qısa söhbət açılır və Yusif Mirzəyev həmin mahnının sözlərini çox bəyənir. Mahnının müəllifi başqa bir müğənninin adını versə də, Yusif ondan icazə alaraq Şəmistandan bu mahnını oxumasını xahiş edir. Şəmistan Əlizamanlı isə mahnını mütləq oxuyacağına və ona həsr edəcəyinə söz verir. Sonralar mahnının müəllifi Yusifin də bu mahnı üzərində az da olsa qatqısı olduğunu və birlikdə onunla məsləhətli şəkildə nəqarətini işlədiklərini dilinə gətirir.

Müharibənin öz qanunları var. Bəzən irəli getmək üçün geriyə çəkilmək lazımdır.  Döyüşün təhlükəli olması səbəbilə Ağdərədən çıxmaq əmri verilir Yusifin dəstəsinə. Onun cavabı çoxlarının gözləmədiyi, döyüş yoldaşlarının gözlədiyi kimi olur. Yusif: - “Bu, tək mənim fikrim deyil. Burada olan uşaqların hamısı eyni fikirdədir, axır nəfəsimizə kimi vuruşacağıq”.

Cəmi 14 nəfərlə həmin istiqamətdə düşmənin çox sayda əsgərinə qarşı müqavimət göstərir. Qaranlıq düşən kimi çoxlu yerdə işıqları yandıraraq düşməni yanıldır. Düşmənin naqilsiz danışıq cihazı ilə (Raçiya) qulaq asa biləcəyini bildiyi üçün hər gün 150-200 nəfərlik yemək sifarişi verərək saylarının çox olduqlarını çatdırır. Beləliklə ermənilərin həmin yerdə böyük bir taborun olduğunu düşünməyə vadar edir. O, da qarşıda olan təhlükənin fərqində idi. İstər silahsursat baxımından, istərsə də canlı qüvvə baxımından böyük çətinliklər var idi. Cəbhəyə yemək təminatı və digər ehtiyacların çatdırılması da çətin idi. Üstəlik ağır coğrafi şərait, ilikləri kəsən soyuq hava belə onu və əsgərlərini qorxutmurdu.Və bilirdi ki, bu yolun sonu şəhadətdən keçəcək. Lakin onun və igidlərinin bir amalı var idi. O da son nəfəsə kimi vuruşmaq idi.  “Bu qoşunla biz əks-hücuma keçəcəyik, qırılan qırılacaq, qalan da, girov düşən də özünü güllələyəcək, o qədər”-deyir Yusif.

O, Vətən üçün sinəsini sipər etdi. Düşmənə qan uddurdu öz igid döyüş yoldaşları ilə. Düşmənə bildirdi ki, onun torpağına göz dikənlərin gözünü oyar. Təəssüf ki, Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində Azərbaycan əsgərlərini mühasirədən çıxararkən şəhadətə yüksəlir. Gənc yaşlarında həyata vida edən Yusifin və onun timsalında bütün şəhidlərimizin ruhu işğal altında olan torpaqlarımızın səmasına uzun illər idi ki, keşik çəkirdi. Onlar böyük qayıdışı gözləyirdilər. Və o qayıdış Azərbaycan xalqının Ali Baş Komandanının ətrafında cəm olan, dəmir yumruğa dönən dövlət, millət və ordu birliyinin sayəsində möhtəşəm oldu. Sadəcə 44 gün içində otuz illik bir yolu qət etdi müzəffər ordumuz. O oğullar ki, dünyanın ən böyük dövlətlərinə hərb necə olar onu göstərdi. O oğullar ki, üç rəngli bayrağımızı azad olunmuş torpaqlarımızın ən yüksək zirvələrinə sancaraq o səmalarda dolaşan şəhid ruhlarına təslim etdi.

Naxçıvan Şəhidlər xiyabanında dəfn olunan Yusifin adı oxuduğu Naxçıvan şəhər 1 saylı tam orta məktəbinə və Bakıdakı 44 saylı tam orta məktəbinə verillmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Rahat yat şəhidim, uğrunda canını qurban verdiyin Vətən əlimizdədir.

Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi