11 may 2025 16:42
191

Prezidentin Qarabağ səfəri: Şuşada qürur, Xocalıda ədalət, Ağdamda sabah qurulur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Şuşa - xalqımızın qürur yeri və milli kimliyimizin ayrılmaz parçası

Onun sözlərinə görə, dövlət başçısı və birinci xanım mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edirlər: 

“Həmin səfərlər zamanı ölkə başçımız sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunmağa başlanıb. İndiyədək Şuşaya 376 ailə – 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün nəinki mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib”.

Xocalı – yaddaşın və qürurun ünvanı

Deputat bildirib ki, Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının səfəri zamanı burada “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq yalnız kədərin deyil, həm də ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. Artıq insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalının yenidən qurulması Azərbaycan xalqının tarixinə sahib çıxmasının, eyni zamanda gələcəyə nikbinliklə baxmasının bariz nümunəsidir”.

Ağdam gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək

S.Salmanova onu da qeyd edib ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir: 

“İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir. Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə cənab Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı görüşdə Ağdam sakinlərinə növbəti şad xəbəri də verdi. Cənab Prezident qeyd etdi ki, rayonun Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır və yaxın aylarda orada da həyat qaynayacaq. Ölkə başçımız rayona səfəri çərçivəsində, həmçinin Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”.

Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur təkcə xatirələrin yox, həm də gələcəyin, inkişafın və rifahın rəmzinə çevrilir

Parlamentari yekunda onu söyləyib ki, Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb: 

“Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərimiz bu gün sürətlə dəyişir, dirçəlir və inkişaf edir. Yeni şəhərsalma layihələri, müasir yaşayış kompleksləri, mədəni, sosial və iqtisadi infrastruktur obyektləri, abadlaşdırılmış park və ictimai məkanlar bölgədə həyatın tam mənada bərpa olunduğunun göstəricisidir. Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas hədəf keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzur artıq təkcə xatirələrin yox, həm də gələcəyin, inkişafın və rifahın rəmzinə çevrilir”.