Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.