23 aprel 2025 01:58
110

Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri:  Mirzə Cabbar Əsgərzadə Bağçaban- İrəvandan Tehrana gedən yol

Qərbi Azərbaycanın ən böyük, elm, maarif, mədəniyyət mərkəzi olan İrəvan şəhəri daim tarixdə iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Bakı Şamaxı, Təbriz, Şuşa, Naxçıvan kimi şəhərləri ilə yanaşı İrəvan da ölkəmizə, xalqımıza görkəmli ziyalılar, dünya şöhrətli alimlər bəxş etmişdir. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan bu şəhərdə uzun illərdən bəri zəngin ədəbi-mədəni mühit formalaşmışdır.

Tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa qeyd edir ki, İrəvan şəhərində yazıb-yaradan şair və yazıçıların əsərlərinin bir çoxu İrəvan qalası uğrunda gedən döyüşlər və yerli azərbaycanlı əhalinin dəfələrlə öz yer-yurdlarından didərgin düşmələri nəticəsində itib-batmışdır: “Xüsusən, XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. Bununla belə, Azərbaycandakı və qonşu dövlətlərdəki arxivlərdə və kitabxanalarda İrəvan ədəbi mühitinə aid bir çox nümunələrə rast gəlinir”.

İrəvan ədəbi-bədii mühitinin nümayəndələrindən biri də Cabbar Əsgər oğlu Əsgərzadədir. O,1885-ci il mayın 9-da İrəvan şəhərində anadan olmuşdur. C.Əsgərzadə ilk təhsilini mollaxanada almış, on beş yaşından isə evlərdə kiçik yaşlı uşaqlara dərs deməklə məşğul olmuşdur. C.Əsgərzadə “Qafqaz” qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətində “Molla Nəsrəddin” məcmuəsində də şeir və məqalələrlə çıxış etmişdir.

İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixində Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik “Lək-lək” jurnalının ilk nömrəsini buraxmışdılar. Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev yazır ki, mətbuat tədqiqatçıları İrəvanda Azərbaycan mətbuatının yaranmasını 22 fevral 1914-cü ildən “Lək-Lək”in nəşr edildiyi tarixdən başlandığını qeyd edirlər: “Apardığımız araşdırmalar isə İrəvanda Azərbaycan mətbuatının nə vaxt yaranmasına aydınlıq gətirməyə əsas verir. Birincisi, necə ola bilər ki, XIX əsrdə əhalisinin 75 faizini azərbaycanlılar təşkil edən İrəvan şəhəri mədəniyyətinin bütün sahələrində ən qabaqcıl mərkəzlərdən biri olduğu halda, 1882-ci ildə milli teatrın meydana gəldiyi bir məkanda ana dilində dövri mətbuat orqanı 1914-cü ilə təsadüf etsin? İkincisi, ola bilərdimi ki, İrəvanda Azərbaycan mətbuatının ictimai-siyasi, bədii fikrinin aparıcı simaları Cabbar Əsgərzadə, Əli Məhzun, Mir Məhəmməd Mir Fətullayev, Əli Məhzun Rəhimov, Mirzə Əlixan Şəmsül Hükəma, Hacı Seyid Rza Əmirzadə, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mir Abbas Mir Bağırov, qabaqcıl maarif xadimləri Abbas Razi Məmmədzadə, Mirzə Naseh İrəvani, Mirzə Əli Məhəmməd Xəlilov, Axund Məhəmməd Bağır Qazızadə, Mirzə Cabbar Məmmədzadə, Mirzə Əli Məhəmməd, Məmmədəli Nasir, Mirzə Məhəmməd Axundov və burada yaşayıb yaradan onlarla digər ziyalı Cənubi Qafqazda ana dilində ilk dərslikləri yaratdıqları halda ana dilində qəzet, jurnal buraxmağın vacibliyini dərk etməsin və bu ideyanı gerçəkləşdirmək üçün heç bir təşəbbüs göstərməsinlər?”

 Filoloq, dosent C.Allahverdiyev, həmçinin qeyd edir ki, C.Əsgərzadə 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar, qırğınlar zamanı öz xalqının hüquqlarını qətiyyətlə müdafiə etdiyinə görə bir neçə aylığa həbsə atıldığı həbsxanada “Molla Nəhib” və “Mollabaşı” adlı həftəlik dərgilər nəşr etdirərək gerçəkləşdirməyə nail olmuşdur.

 Ümumiyyətlə, “Lək-lək”in cəmisi 8 nömrəsi işıq üzü görmüşdür. Dövri mətbuatda çıxan satirik şeirləri və publisistik yazıları onu təqiblərə məruz qoymuşdur. Digər tərəfdən, xəstəliyi ilə əlaqədar o, Cənubi Azərbaycanın Mərənd şəhərinə köçməyə məcbur olmuş və burada Əhmədiyyə məktəbində müəllim işləmişdir. Sonra o, Təbriz şəhərinə dəvət olunmuşdur. Burada uşaq bağçasının açılmasına kömək etmiş, kar və lal uşaqlar üçün məktəb təşkil etmiş (1922–1927), Şirazda uşaq evində pedaqoji fəaliyyətini davam etdirmişdir (1927–1933). Daha sonra Tehranda korlar və lallar üçün məktəb açmışdır. Burada “Zəban” adlı pedaqoji jurnal nəşr etmiş (1942), eyni zamanda ictimai, ədəbi və pedaqoji fəaliyyətini davam etdirmişdir.

Onun çoxcəhətli yaradıcılığı-pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici ölkə xalqlarının seçmə poeziyasından tərcümələr etmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. Lirik şeirlərini “C.Əsgərzadə”, “Aciz”, “Bağçaban”, satirik şeirlərini isə “Məhkəmə pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”, “Molla haray” və s. imzaları ilə çap etdirmişdir. Onun kiçik yaşlı uşaqlar və məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif sahəsindəki xidmətlərinə görə ona Tehran Universitetinin professoru adı verilmişdir.

Mirzə Cabbar Əsgərzadə Bağçaban 1966-cı il noyabrın 25-də Tehranda vəfat etmişdir.

Zahid Rza, “İki sahil”