21 aprel 2025 13:33
122

Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

"İki sahil” xəbər verir ki, Anar Məmmədov Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyib.

O, bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər birinin həyatı bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edib.