19 aprel 2025 12:49
179

QHT Agentliyi 4 il ərzində vətəndaş cəmiyyəti sektorunda yeni nəfəs yaradıb

"4 il ərzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyətinin daha da inkişafı, bu sahədə peşəkarlığın artırılması, ən əsası QHT-lərlə dövlət qurumları arasında sıx əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıb. Agentlik bu uğurlu fəaliyyəti ilə bir növ vətəndaş cəmiyyəti sektorunda yeni bir nəfəs yaradıb".

“İki sahil” xəbər verir ki,  bu fikirləri  "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, QHT Agentliyi ötən 4 il ərzində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində də inqilabi yeniliklərə imza atıb: 

QHT Agentliyinin uğurlu xarici əlaqələri və beynəlxalq əməkdaşlığı
Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində özünü aydın şəkildə göstərdi

"Agentliyin bir neçə ölkənin  müvafiq qurumları ilə əlaqələrinin gücləndirilməsi, müxtəlif ölkələrə edilən səfərlər, qarşılıqlı təcrübə mübadilələrinin öyrənilməsi və s. amilləri bu sıraya daxil etmək olar. Heç şübhəsiz ki, QHT Agentliyinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi ayrı-ayrı QHT-lər üçün də xarici əməkdaşlıq baxımından yeni-yeni fürsətlər meydana çıxarır. Çünki Agentliyin müxtəlif ölkələrlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təşkil etdiyi səfərlərdə ayrı-ayrı vətəndaş cəmiyyəti nümayəndələri də yaxından iştirak edir ki, bu da öz növbəsində həmin təşkilatların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradır".

Süleyman İsmayılbəyli deyib ki, QHT Agentliyinin uğurlu xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində özünü aydın şəkildə göstərdi:  " Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi uğurlu beynəlxalq əlaqələri ilə COP29-a öz imzasını atmış oldu".