Beşinci "Yüksəliş" müsabiqəsində qeydiyyatdan keçən 16 min 553 nəfərdən 78-nin yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün məlumatların İşçi Qrupu tərəfindən yoxlanılması zamanı ləğv edilib.
“İki sahil” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev sözügedən müsabiqənin mətbuat konfransında deyib.
F.Hacıyev bildirib ki, müsabiqəyə bu il 9 976 nəfər təkrar müraciət edib:
"Həmin şəxslər ötən illərdə keçirilən müsabiqədə də iştirak ediblər. İlk dəfə müraciət edən namizədlərin sayı isə 6 577 nəfərdir".
İşçi Qrupunun rəhbəri bildirib ki, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət edib:
"Bilindiyi üzrə müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56.48 faizi dövlət sektorunda, 41.05 faizi özəl sektorda, 1.49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 faizi isə beynəlxalq qurumlarda çalışır".