18 aprel 2025 13:22
128

Fərhad Hacıyev: V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı rekord həddə olub

Builki V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı ötən illərdəki iştirakçı sayını geridə qoyub.

“İki sahil” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, builki müsabiqədə iştirak etmək üçün ümumilikdə 16 min 553 nəfər qeydiyyatdan keçib:

"Fevralın 28-də start götürən beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi aprelin 10-da başa çatıb. Qeydiyyatdan keçən iştirakçıların 11 min 923-ü kişi, 4 630-u isə qadındır".

F.Hacıyev xatırladıb ki, ötən il qeydiyyat göstəricisi 15 min 877 nəfər təşkil edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı İlham Əliyev 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalayıb.