18 aprel 2025 11:27
125

Sədr: Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür

Vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov deyib.

Sədr xatırladıb ki, ARVK ötən il ölkə üzrə ümumilikdə 5 663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib:

"Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsidir".

O, eyni zamanda son dövrlərdə vəkillərin say artımı ilə müşayiət olunan müsbət dinamikaya da toxunaraq qeyd edib ki, Vəkillər Kollegiyası Akademiyasında vəkillərin peşəkar inkişafına xüsusi önəm verilir:

"Burada vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir".

A.Bağırov qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib:

"Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək kollegiya üzvlüyünə qəbul olunublar".