Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının növbəti mərhələsi Naxçıvan Dövlət Üniversitetində təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdən əvvəl universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul əməkdaşlarını və münsiflər heyətini qəbul edib. Görüş zamanı rektor bu təşəbbüsün Naxçıvanda artıq dördüncü ildir keçirildiyini qeyd edərək müsabiqə-festivalın tələbələrin bədii-estetik inkişafında əhəmiyyətini vurğulayıb.
Tədbir konsert proqramı ilə davam etdirilib. Naxçıvan Dövlət Universitetinin tələbələrinin müxtəlif musiqi nömrələri, şeir kompozisiyaları, xalq çalğı alətlərində çıxış və rəqs nümunələri böyük maraqla qarşılanıb. Münsiflər heyətində Xalq artisti Mübariz Tağıyev, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, yazıçı-şair Baba Vəziroğlu, Xalq artisti, bəstəkar və vokal ifaçısı Gülyanaq Məmmədova, Xalq artisti, baletmeyster Təranə Muradova, həmçinin ustad tarzən və pedaqoq Arslan Növrəsli tələbələrin çıxışlarını dinləyərək yüksək peşəkarlıqla qiymətləndiriblər.
Qeyd edək ki, müsabiqə-festivalın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarını üzə çıxarmaq, onların estetik zövqünü inkişaf etdirmək və Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənc nəslə daha dərindən tanıtmaqdır.