Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunan yüksək ixtisaslı cərrahlar Naxçıvan Sağlamlıq Mərkəzində müayinə və əməliyyatlar həyata keçirib.
Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, aksiya yerli əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və müasir tibbi xidmətlərin təmin edilməsi məqsədini daşıyıb. Əməliyyatlar və müayinələr zamanı müxtəlif sahələrdən olan həkimlər, xüsusilə endokrin cərrahı, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, qida borusu, 12 barmaq bağırsağı, anesteziologiya-reanimasiya və intensiv terapiya üzrə peşəkar xidmətlər göstəriblər.
Həkim heyəti Naxçıvan Sağlamlıq Mərkəzində son vaxtlar həyata keçirilən yeniliklərlə də tanış olublar. Onlar, müasir avadanlıqlarla tam təchiz olunmuş əməliyyat otaqlarını və müasir standartlara cavab verən palataları, həmçinin həyata keçirilən digər yenilikləri yüksək qiymətləndiriblər. Həkimlər mərkəzin tibbi infrastrukturunun müasir tələblərə uyğun olduğunu və burada göstərilən xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Onlar, belə bir müasir şəraitin və avadanlığın yerli həkimlər və xəstələr üçün böyük üstünlük təmin etdiyini qeyd edərək, Naxçıvanda səhiyyə sahəsindəki inkişafları təqdir ediblər.
Qeyd edək ki, aksiya 2 gün davam edəcək.