Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, aparılan araşdırma və monitorinq zamanı müəyyən olunub ki, Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən şəhərin tullantı suları müxtəlif axarlar vasitəsilə Xəzər dənizinə axıdılır.
“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb. Analizin nəticələrinə görə, su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”, - deyə B.Məhəmmədov əlavə edib.