Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Mollalı və YAP Bərdə rayon təşkilatında vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, qəbul zamanı Xanlar Fətiyev vətəndaşların içməli su, suvarma kanallarının təmizlədilməsi, artezian, yol və işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma, maddi yardımla bağlı və s. şəxsi problemləri ilə tanış olub, şəhid ailələrini və qaziləri dinləyib, onları narahat edən müraciətlərin həllinə çalışıb.
Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlarla əlaqə saxlanılıb.
Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.