Yeni Azərbaycan Partiya (YAP) Daşkəsən rayon təşkilatının Səməd Vurğun, Anar Mürsəlov, İmadəddin Nəsimi, Mikayıl Mustafayev, Əli İsmayılov adına və Bayan kənd ümumi orta məktəbi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı yığıncaqlar keçirilib.
Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev bildirib ki, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib: “Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu dəyərlər müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Həmin anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir”.
Rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırovun da iştirak etdiyi yığıncaqlarda çıxış edən ərazi partiya təşkilatlarının sədrləri Şəhla Əliyeva, Elmira Abbasova, Elnurə Həmidova, Məmməd Məmmədov, Hüseyn Ağayev, Ayaz Əzizov və başqaları çıxışlarında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin xalqımızın birlik və həmrəyliyinin ifadəsi olduğunu diqqətə çatdırıblar.