08 aprel 2025 22:59
273

Qərbi Azərbaycana qayıdış tarixi Zəfərin işığında

Vətən anadır, doğulub böyüdüyümüz doğma yurd-yuvadır. Ulu əcdadlarımızın bizə əvəzsiz mirasıdır. Vətən anamız kimi hec zaman unudulmaz, yaddan çıxmaz. Böyük böyük vətənpərvər şairimiz Abbas Səhhətin söylədiyi kimi, “Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma”.

Bəli, biz qırx dörd günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə icmanın yeni binasında görüşərkən bu mesajı verdi. Qərbi Azərbaycan icmasının qarşısında mühüm vəzifələr qoydu. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir”.

Doğrudan da ötən dövrdə Qərbi Azərbaycan İcması bu istiqamətdə ciddi addımlar atıb, məqsədyönlü işlər görüb. Dövlətimizin başçısının tapşırığı ilə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib.  Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsini özündə ehtiva edir. Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edib.    

Hazırda İcma bir neçə istiqamət üzrə öz işini davam etdirir. Bu günlərdə Qərbi Azərbaycan İcması Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib. İcmanın bəyanatında bildirilir ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib: “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir”.

İcmanın digər bəyanatında bildirilir ki, Avropa Şurasının İnsan hüquqları üzrə Ali komissarı Maykl O’Flaertinin “Avropa Şurası Parlament Assambleyası” adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir. Bəyanatda, həmçinin qeyd olunur ki, Ali komissarın ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub Qərbi azərbaycanlıların Ermənistana- öz dədə-baba yurdlarına qayıdışından bəhs etməməsi qəbuledilməzdir: “Biz Ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq. Bundan əlavə, Ali komissar hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gun törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 ilik tarixi məqsədə nail olduq”, - deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir”.

Qərbi Azərbaycana qayıdış bizim tarixi-mənəvi və insani haqqımızdır. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüquqlarını bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun, azərbaycanlılar öz tarixi yurdlarına qayıtsınlar.

Zahid Rza, “İki sahil”