Avstraliyalı Bella Johnston illərlə həkimlərin səhv diaqnozuna görə əziyyət çəkib. 15 yaşında olarkən qusma, öskürək, halsızlıq və sürətli çəki itkisi kimi simptomlarla qarşılaşan Bellaya əvvəlcə anoreksiya və bulimiya kimi psixoloji pozuntular diaqnozu qoyulub.
Ailəsi də bu diaqnoza inanaraq onu terapiyaya göndərib. Bella isə daxilində bu xəstəliyin psixoloji olmadığını hiss etsə də, bunu bildirməyib. Uzun müddət məktəbə belə gedə bilməyən gənc qız yeməkləri istəmədən qaytarır, sürətlə arıqlayırdı. Qan testləri normal çıxdığı üçün heç kim onun əsl problemini görə bilməyib.
Daha sonra alternativ müalicə üsullarına üz tutan Bella, sosial şəbəkələrdə sağlam həyat tərzini təbliğ edən Belle Gibsonun məsləhətlərinə inanmağa başlayıb. Xüsusi diyetlərə riayət etsə də, vəziyyəti getdikcə ağırlaşıb.
Nəhayət, Melburn şəhərində aparılan müayinələr nəticəsində Bellaya paraganglioma adlı nadir bir xərçəng növü diaqnozu qoyulub. Boynundakı şiş 8 saatlıq əməliyyatla çıxarılıb. Xərçəngin beynə yayılma riski olduğu üçün Bella əlavə olaraq radioterapiya da alıb.
Hazırda 30 yaşında olan Bella xərçəngin geri dönmədiyi üçün həkimlərinə minnətdardır. Amma o, hələ də öskürək və bəzi qidalara qarşı həssaslıqla mübarizə aparır. Artıq nə əvvəlki kimi mahnı oxuya, nə də gitar çala bilir.
Bella Johnstonun hekayəsi, səhv diaqnozların nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi
Mənbə:NTV Türkiyə