01 aprel 2025 17:27
204

Azərbaycanda məhsul bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb

Azərbaycanda dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər əlavə artıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanda dövlət dəstəyiilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir.

Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığortalamış fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib.

Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ildə fermerlərin aqrar sığortaya marağının və inamının artması, sığortalanan meyvə bağlarının çoxalması və iqlim dəyişiklikləri nəticəsində baş verən təbiət hadisələrinin artması müvafiq olaraq aqrar sığorta ödənişlərinin də kəskin artımına səbəb olub.

Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib.

Sığorta ödənişinə səbəb olan əsas hadisələr fırtına, qasırğa, dolu, sel-subasma, şaxtavurma halları olub.

Belə ki, 2024-cü ildə meyvə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlifı meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir.

Xatırladaq ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu, 2023-cü illə müqayisədə 2 milyon manat artıqdır.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı mərkəzinə müraciət etməklə almaq mümkündür.