Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarixən soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər ərazilərdə 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Tarixi məlumatlara görə, bu dövrdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.
Şamaxıda törədilən cinayətlər xüsusi qəddarlıqla xarakterizə olunur, burada erməni silahlı dəstələri tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmişdir. Quba qırğınları zamanı isə 4000-dən çox insan öldürülmüş, 122 kənd tamamilə dağıdılmışdır. Bu cinayətlər nəticəsində Azərbaycan xalqı böyük itkilər vermiş, tarixi-mədəni irsi məhv edilmişdir.
Xalqımıza qarşı törədilən bu qanlı faciələr uzun müddət Sovet dövründə gizlədilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin qərar xalqımızın tarixi yaddaşının bərpası və dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etmək məqsədi daşıyır. 30 mart 1999-cu il tarixində Ümummilli Lider həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq etmişdir.
Dahi Lider Heydər Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qeyd etmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür...”.
2007-ci ildə Quba şəhərində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilmişdir. Bu məzarlıqda 500-dək insan kəlləsi tapılmış, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid olmuşdur. Bu tapıntılar 1918-ci ildə ermənilərin törətdiyi soyqırımının dəlillərindən biridir.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Bu kompleks soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və dünya ictimaiyyətinə tarixi həqiqətləri çatdırmaq məqsədi daşıyır.
2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər çərçivəsində beynəlxalq səviyyədə geniş təbliğat işləri aparılmış, erməni millətçilərinin törətdiyi cinayətlər haqqında dünya birliyi məlumatlandırılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bir sıra mühüm işlər görmüşdür. Fond bu faciənin yad edilməsi məqsədilə hər il müxtəlif beynəlxalq tədbirlər təşkil edir, soyqırımı ilə bağlı həqiqətlərin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Həmçinin, Heydər Əliyev Fondu soyqırımı ilə bağlı kitablar və fotoşəkillər nəşr etdirərək, bu faciələrin tanınmasına töhfə verir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, həmçinin bu faciənin tarixi barədə məlumatların gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xalqımızın birliyi və dövlətimizin qüdrəti sayəsində bu soyqırımı aktının qlobal səviyyədə tanınması və qınanması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə müxtəlif beynəlxalq təşkilatlarda və forumlarda Azərbaycanın tarixi həqiqətləri təqdim olunur, erməni millətçilərinin törətdiyi cinayətlər ifşa edilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində 200 ildən çox bir dövrdə ermənilərin “Böyük Ermənistan” xülyası ilə törətdikləri vəhşiliklərin, eləcə də şəhidlərimizin qısasını döyüş meydanında alıb.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı