Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsindən günlər ötsə də ölkə mətbuatında hələ də geniş işıqlandırılmaqdadır. Qurultayda Prezident, YAP-ın Sədri İlham Əliyev müstəqilliyimizin bərpasından keçən 35 ildə baş verən hadisələr, Azərbaycanın ərazilərinin Ermənistanın və onun havadarlarının köməyi ilə işğal edilməsi, beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin himayəsi ilə işğalı iyirmi səkkiz il davam etdirməsi və süni surətdə qarşıya çıxarılan əngəllərin aradan qaldırılması yollarından ətraflı danışıb. Prezident çıxışının böyük bir hissəsini Qarabağın azadlığı və ondan sonra yaradılan reallıqlara, yeni təhlükəli çağırışlara həsr edib.
Dövlətimizin rəhbəri münaqişənin ilk illərini yada salaraq deyib: “Müstəqillik bərpa ediləndən sonra biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi.”
Prezident İlham Əliyev bu və digər təslimçi hadisələri utancverici tarix adlandırıb. Əlbəttə, utancvericidir, necə oldu ki, əhalisi əhalimizdən üç dəfə az, ərazisi ərazimizdən üç dəfə kiçik olan, xaricdən göndərilən ianələr hesabına yaşayan kasıb Ermənistan özündən qat-qat güclü Azərbaycana qalib gəldi?
Şübhəsiz ki, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olsaydı o faciələr, müsibətlər, məcburi köçkünlük, torpaq itkiləri də olmazdı. Lakin xarici və daxili düşmənlər buna imkan vermirdilər. Heydər Əliyevi yeganə xilaskar rolunda görən xalq kütlələri ayağa qalxaraq Onun hakimiyyətə gəlməsini təkidlə tələb etdilər. Yalnız bundan sonra işğallar dayandırıldı, atəşkəs əldə edildi. Ancaq ona qədər AXC-Müsavat cütlüyü Dağlıq Qarabağı və ona bitişik rayonları da düşmənə təhvil vermişdilər. Yarıtmaz “özündənbəylər” tapdaq altında qalan torpaqlarımız işğaldan azad etmək əvəzinə bəzi dövlətlərə hədə-qorxu gələrək düşmənlərin sayını artırırdılar. Guya Azərbaycanın atom bombası var və istənilən ölkəni darmadağın edər. Hələ formalaşmamış Milli Ordunun sıralarına doldurulmuş xarici agent və casuslar fəal pozuculuq işləri aparırdılar. Yaxın qonşu ölkələri də hədələyərək Azərbaycanı meydanda tək qoymuşdular. ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”nın 907-ci maddəsinə düzəlişi məhz o illərdə tətbiq etmişdi. Halbuki həmin maddəyə əsasən işğalçı Ermənistana ildə 190 milyon dollar pul verilirdi. ATƏT-in Minsk qrupu və bir çox beynəlxalq təşkilatlar Ermənistana hər cür yardım göstərirdilər. ABŞ-dakı,
Fransadakı, Rusiyadakı, Hindistandakı varlı ermənilər və lobbilər İrəvana milyonlarla dollar ianə axıdırdılar. Bunları ona görə yada salırıq ki, gələcək nəsillərimiz bilsin, Azərbaycanın necə məkrli düşmənlərə qalib gəlib.
Prezident çıxışında bildirib: “Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Öz taleyimiz öz əlimizdədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək...2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik.” Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə razılaşdırılmış sülh sənədlərinin qəbul edilməsi bəzi dövlətləri Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə etməkdən çəkindirdi.
Şübhəsiz, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışından çox yazmaq olar. Çıxışda bir məqam diqqəti daha çox çəkir. Dövlətimizin başçısı açıq bildirib ki, hazırda dünyada mizan-tərəzi, haqq-ədalət axtaran yoxdur. Hər şey göz qarşısındadır. Bunu uzun illərdir ki, biz də öz üzərimizdə gördük. İndi güclü-gücsüz məsələsi var. Bu meyil dünyanı sadə el dilində desək, dərəbəyliyə aparıb. Deməli, çalışıb güclü olmaq lazımdır. Düzdür, buna mane olmağa çalışanlar da var. Ancaq belə təsirlər zaman keçdikcə yox olub gedəcək. Azərbaycan neçə illərdir ki, siyasi, iqtisadi və hərbi istiqamətlərdə olduqca mühüm işlər aparır və məqsədimizə nail olmuşuq.
Vəli İlyasov, “İki sahil”