Bakı Fotoqrafiya Evində “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Güllü-çiçəkli, bahar naxışlı Novruz” adlı sərginin açılışı olub.
“İki sahil” xəbər verir ki, İctimai Birlikdən bildirilib ki, sərgidə torpağın zənginliklərini sənətdə əks etdirən və baharın füsunkar gözəlliyini yaradıcılıqda canlandıran əsərlər yer alıb. Tədbirdə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini Rəna Nəsirova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlı çıxış ediblər.
Daha sonra modelyer Tünzalə Ağabalayevanın “Azərbaycan bayrağı” milli geyim kolleksiyası, İdarə Heyəti və birlik üzvlərinin “Keçə inciləri”, rəssam və dekorativ-tətbiqi sənət ustası Pərvanə Əliyevanın “Azərbaycan milli geyimlərinə müasir baxış” kolleksiyaları nümayiş olunub. Defilenin təşkilatçısı İctimai Birliyin İdarə Heyətinin üzvü, M.S.Ordubadinin xatirə muzeyinin direktoru vəzifəsini icra edən Rasimə Əhmədovatadır.
Sərgidə professor Röya Tağıyevanın rəhbərliyi ilə birlik üzvlərinin xovlu və xovsuz xalçalar, bədii tikmə, bədii hörmə, keçə sənəti, miniatür sənəti, dəri rəngkarlığı, xəttatlıq və rəngkarlıq nümunələri göstərilib. Ekspozisiyada İdarə Heyətinin üzvləri - xalçaçı-rəssam Eldar Hacıyev, bədii tikmə və bədii hörmə ustası Elmira Qasımova, bədii tikmə ustası Şəhla Əsgərova və digərlərinin əsərləri mövcuddur.
Birlik üzvü Aynur Yunusova Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllim-konsertmeysteri Könül Abdullayeva müşayiəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin naləsini və Asiyanın nəğməsini ifa edib.