26 mart 2025 14:18
323

İmişlidə şəhid ailələri üçün iftar süfrəsi açılıb - FOTO

İslam dünyasının müqəddəs ayı olan Ramazan ayı münasibətilə İmişli rayonunda Rayon İcra Hakimiyyəti şəhid ailələri üçün iftar süfrəsi açıb.

“İki sahil” xəbər verir ki, mərasimdə şəhid ailələri ilə yanaşı Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olmasından söhbət açıb. Azərbaycanda, o cümlədən İmişli rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə olan ənənəvi tolerantlığı nümayiş etdirdiyi bildirilib. Ölkəmizdə sabitliyin, inkişafın, birliyin Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətimizin siyasətinin prioritet məsələlərindən biri olduğu bildirilib. Natiqlər Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndiriblər. İftar süfrəsi zamanı dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb. Daha sonra “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub. Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.