26 mart 2025 13:08
250

“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir

Türkiyənin “HaberTürk” televiziya kanalı qardaş Azərbaycanda investorlar üçün layihələrin təqdim etdiyi imkanlar haqqında material hazırlayıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycanın biznes mühiti mövzusunda yayımlanan reportajda hökumətimizin xarici investorları təşviq etmək üçün qəbul etdiyi qərarlara, o cümlədən erməni işğalından azad olunmuş ərazilərdə tətbiq edilən təşviq tədbirlərinə diqqət yetirilib.

“HaberTürk” vurğulayır ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılıb və bu imkanlardan Türkiyə şirkətləri də yararlana bilər.

Videomaterialda Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də mövqeyi təqdim olunub. O, milyonlarla izləyiciyə Azərbaycan şirkətləri ilə əlaqələr qurulmasında kömək göstərməyə, həmçinin investorların ölkəmizə tanışlıq səfərlərinin təşkilinə hazır olduğunu bildirib.

“Türkiyənin müxtəlif regionlarındakı ticarət və sənaye palatalarında yeni görüşlər, təşkil olunmuş sənaye zonalarına səfərlər planlaşdırırıq”, - deyə Azərbaycanın ticarət nümayəndəsi qeyd edib.

O, həmçinin Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiyaların stimullaşdırılması üzrə qəbul etdiyi qərarlara diqqət çəkib.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya yatıran sahibkarlara xüsusi güzəştlər tətbiq edilir. İnvestorlar 10 il ərzində gömrük rəsmiləşdirilməsi və vergi sahəsində imtiyazlardan yararlanırlar”, - deyə T. Tağıyev bildirib.

Televiziya kanalı Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyini iki qardaş ölkə arasında ticarət və logistika əlaqələrini möhkəmləndirməyə yönəlmiş “iqtisadi körpü” adlandırıb.