Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan heç bir əsas olmadan Azərbaycana qarşı ittihamlarını davam etdirir. Belə ki, bu dəfə o, Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə cəfəng iddialar səsləndirib. Şübhəsiz, Ararat Mirzoyanın yalan və iftira dolu bu fikirləri onun xəstə təxəyyülünün məhsuldur. Bunu həm də onun növbəti dezinformasiyası kimi də dəyərləndirmək olar.
Bu da bu hər şeydən əvvəl, Ermənistan xarici işlər nazirinin COP çərçivəsində aparılan iqlim danışıqlarından, ümumiyyətlə, xəbərsiz olduğunu göstərir. Halbuki, indiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edilib. Bu baxımdan, Azərbaycanın Xarici İşlər Nazirliyinin Ararat Mirzoyanın sözügedən qəzetə müsahibəsində səsləndirdiyi fikirlərə dair şərhində qeyd edildiyi kimi, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.
197 ölkədən olan 76 min iştirakçı ilə Bakıda keçirilmiş COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan bu tədbirin yekununda qəbul edilmiş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir. Əsas uğurlardan biri Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. Belə ki, on ildən artıq idi ki, tərəflər karbon bazarları mexanizminin işə salınması barədə razılığa gələ bilmirdilər. Lakin Bakıda konsensus əldə olundu və karbon bazarını işlək etdi. COP29-da bərpa olunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. Bundan da “Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq. COP29 “Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur. Bu mənada demək olar ki, Azərbaycan Qərblə Qlobal Cənub arasında bütün sahələrdə, o cümlədən yaşıl enerji sahəsində körpü rolunu oynamaqda israrlı olduğunu da ortaya qoyub.
Bəs Mirzoyan bu açıqlaması ilə nə demək istəyir? Əgər xatırlayısınızsa, COP29 ərəfəsində və tədbirin keçirildiyi günlərdə Qərbin bəzi nümayəndələri bu tədbirin baş tutmaması üçün dəridən-qabıqdan çıxırdılar. Hətta Fransa Prezidenti Emmanuel Makron COP29-un fəal üzvlərinə təsir etməklə onları belə bir mötəbər tədbirdən yayındırmağa cəhdlər göstəridi. Amma rəsmi Bakı səbir nümayiş etdirərək bu niyyətlə olanlara əsla baş qoşmadı. Bununla da onlara öz yerlərini göstərmiş oldu.
Bu məqamda Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumundakı çıxışını xatırlatmaq yerinə düşərdi: “Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsweek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi”. Bu mənada Mirzoyanın bu sərsəmlərini həmin kampaniyaların davamı kimi xarakterizə etmək olar. Amma unutmasın ki, daha onun cəfəng iddialarına məhəl qoyan yoxdur.
Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır. Şübhəsiz, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”