“Vmeste-TV” telekanalında Rusiya Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana səfərinə həsr olunmuş süjet yayımlanıb.
“İki sahil” xəbər verir ki, reportajda qeyd olduğuna görə, Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycan parlamentariləri ilə görüşlərinin əsas mövzusu qarşılıqlı faydalı tərəfdaşlıq olub.
Federasiya Şurasının sədri Valentina Matviyenko vurğulayıb ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqdirlər, onların arasındakı münasibətlər milli maraqlar, qarşılıqlı hörmət əsasında qurulur. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya ilə çoxplanlı əməkdaşlığı davam etdirməyə qəti hazır olduğunu bildirib.
Telereportajda vurğulanır ki, V.Matviyenko və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva arasında görüş keçirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Ötən ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricilərindən 10 faiz yüksəkdir. “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə və ekoloji məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi may ayında Sankt-Peterburqda keçiriləcək Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün dəvət olunub. Müzakirə olunan mövzular sırasında Xəzər dənizinin və transsərhəd çayların dayazlaşması da yer alıb.
Süjetdə, həmçinin vurğulanıb ki, mədəni əməkdaşlıq və 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi də parlamentlərarası əməkdaşlığın mühüm istiqamətləri olaraq qalır.