20 mart 2025 19:04
124

Birlik və barış bayramı

Novruz bayramı qədim zamanlardan günümüzə qədər gəlib çıxan və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirən ən əziz bayramlardan biridir. Bu bayram yalnız təbiətin oyanışı deyil, həm də insanları birlik və bərabərliyə çağıran, yeni başlanğıcları simvolizə edən bir gündür. 

Novruz farsca “yeni gün” mənasını daşıyır və astronomik təqvimə əsasən, yaz gecə-gündüz bərabərliyi (20-21 mart) zamanı qeyd olunur. Tarixi mənbələrə görə, Novruzun yaranması min illər əvvələ, Zərdüştlük dövrünə gedib çıxır. O zamanlar insanlar təbiətlə sıx bağlı idilər və günəşin qayıdışını, yeni ilin başlanğıcını təntənəli şəkildə qeyd edirdilər. 

Novruz təkcə Azərbaycanda deyil, İran, Türkiyə, Orta Asiya və bir çox digər Şərq ölkələrində də geniş şəkildə qeyd olunur. 2010-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 21 mart BMT tərəfindən “Beynəlxalq Novruz Günü” elan edilib. 

Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanların psixoloji rifahına müsbət təsir göstərən, daxili harmoniyanı gücləndirən mühüm bir mədəni-fəlsəfi hadisədir. Qədim inanclara və sosial ənənələrə əsaslanan bu bayram insanın emosional vəziyyətinə, psixoloji rahatlığına və sosial münasibətlərinə birbaşa təsir edir. 

Novruz insanın daxili dünyasında yeni başlanğıc hissini formalaşdırır. Baharın gəlişi ilə təbiətin canlanması insan psixikasına da təsir edir və yenilənmə, dəyişiklik, təmizlik ehtiyacını artırır. Evdə aparılan bahar təmizliyi, köhnə və lazımsız əşyaların atılması, yeni planların qurulması psixoloji rahatlıq və daxili sakitlik yaradır. 

Qış aylarında günəş işığının azalması və soyuq hava insanların əhvalına mənfi təsir edir, bu da qış depressiyası kimi tanınan mövsümi affektiv pozuntuya səbəb ola bilər. Novruz isə baharın gəlişini simvolizə edərək insanın enerji səviyyəsini artırır, günəşli havalar və açıq havada keçirilən bayram tədbirləri isə serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının səviyyəsini yüksəldir. 

Novruzun əsas prinsiplərindən biri birlik və barışdır. Bu bayramda insanlar bir-birinə baş çəkir, küsülülər barışır, böyüklər ziyarət edilir. Bu cür sosial münasibətlər insanda aidiyyət hissini gücləndirir, təkliyi və sosial izolyasiyanı azaldır, psixoloji rahatlıq yaradır. 

Novruz uşaqlarda kollektivlik hissini inkişaf etdirir. Onlar papaqatdı, yumurta döyüşdürmək kimi adətləri yerinə yetirərək paylaşmağı, əməkdaşlıq etməyi və kollektiv oyunun əhəmiyyətini anlayırlar. Bundan əlavə, Novruzla bağlı nağıllar, miflər və ənənələr uşaqlarda milli dəyərlərə bağlılıq hissini gücləndirir. 

Bayram sevincini yaşamaq, ailə üzvləri və dostlarla birlikdə olmaq psixoloji rahatlıq və emosional tarazlıq yaradır. 

Sonda Sizi baharın gəlişini, yeni ümidləri və gözəl ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu bayram həyatımıza bolluq, bərəkət və sevinc gətirsin. Qoy, ocağınız daim alovlu, süfrəniz ruzili, qəlbiniz isə ümid və xoşbəxtliklə dolu olsun. Novruz sizə sağlamlıq, uğur və xoş günlər bəxş etsin! Hər evə bahar nəfəsi, sülh və sevgi dolsun! 

Bayramınız mübarək!

Təranə Paşayeva,
LoqosPsixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri,
Psixoloji Xidmət Tədqiqatlar Mərkəziİctimai Birliyinin sədri,
Psixologiya üzrə fəlsəfə doktoru