19 mart 2025 16:30
173

İmişlidə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

Martın 19-da İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.

Şənlik başlamamışdan öncə bayram tonqalı qalanıb, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib, yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nümunələri nümayiş etdirilib. Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək prezident cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına olan təbrikini şənlik iştirakçılarının diqqətinə çatdırıb. Şənlik mədəniyyət işçilərinin ifalarında bir-birindən gözəl xalq musiqilərimizin, Novruz mərasimlərinin, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələrin səsləndirilməsi ilə davam etdirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.